Marketing Вторник, 23.04.2024, 20:10
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Cəmiyyətin iqtisadi həyatı və onun struktur elementləri
[ ] 20.02.2009, 09:50
                                                M. Talışlı
Cəmiyyətin iqtisadi həyatı və onun struktur elementləri

1.İqtisadi həyatın ümumi təsnifatı.Sosial fəlsəfə cəmiyyətə müxtəlif yarımsistemləri və tərəfləri əhatə edən mürəkkəb orqanizm kimi yanaşır.

Bütövlükdə götürdükdə cəmiyyət təbii yarımsistemə və ictimai yarımsistemə ayrılır. Birinci, insan nəslinin istehsalı və təkrar istehsalını, coğrafi mühit və ölkənin geopolitik vəziyyətini, nəsillər arasında təbii münasibətləri əhatə edir. İkinciyə, ictimai həyatın istehsalı və təkrar istehsalı daxildir. Bunlarla yanaşı sosial sistemi birlik formalarına görə (cəmiyyət, sosial qrup, millət, xalq və s.), yaşayış məskənləri tipinə görə (şəhər, şəhərtipli qəsəbə və kənd), habelə peşə, demoqrafik, yaş, cins və sair əlamətlərə görə də bölmək olar. Deyilənlərdən əlavə cəmiyyət ictimai sferalar üzrə də təsnif olunur. Belə yanaşdıqda ictimai həyat iqtisadi, sosial, siyasi və mənəvi sferalara da ayrılır. Bu bölgünün əsasında iki əsas əlamət durur: ictimai fəaliyyətin özünəməxsus növü və buna müvafiq olaraq qərarlaşan ictimai münasibətlər tipi. Yuxarıda qeyd olunan sferaların hər birində insanların fəaliyyəti özünəməxsus, spesifik xarakter daşıyır. Burada qərarlaşan ictimai əlaqələr və münasibətlər də başqalarında olduğundan fərqlidir.

Cəmiyyətin sferalar üzrə bölgüsü həm də buna görə diqqəti cəlb edir ki, o ictimai həyatın müxtəlif tərəflərini funksional baxımdan vəhdətdə götürür. Belə ki, yuxarıda adı çəkilən dörd sferanın hər birində həm madi, həm də mənəvi tərəflər (əlbətdə hər birində müxtəlif nisbətdə) əhatə olunur.

İctimai sferalar sırasında iqtisadi həyat mühüm yer tutur. O çox geniş məzmuna malikdir. Buraya maddi istehsal, iqtisadi tələbatlar, mənafelər və iqtisadi fəaliyyət ilə əlaqədə olan digər tərəflər daxildir. İqtisadi sferanın və iqtisadi münasibətlərin spesifikliyinə məhəl qoymamaq, onu yalnız maddi, yaxud da istehsal münasibətləri ilə eyniləşdirmək doğru olmazdı. Bu, iqtisadi proseslərin insanların şüurundan və davranışından tam müstəqil olduğunu iddia etmək (obyektivizm) olardı. Əslində əmək prosesi yalnız onun maddi tərəflərindən (əmək vasitələri, əmək cismi və sair) ibarət deyildir. Burada insanların iradəsi, arzu və səyləri mühüm rol oynayır.

Cəmiyyətin iqtisadi sferasını əsas etibarilə iqtisadi elmlər öyrənir. Lakin burada bir sıra məsələlər vardır ki, onlar sosial fəlsəfə ilə sıx bağlıdır. Məsələn, bütövlükdə cəmiyyət ilə iqtisadi həyat arasındakı münasibətlər; iqtisadi sferanın cəmiyyətin inkişafına təsiri; iqtisadi sferada obyekt-subyekt münasibətləri; iqtisadi münasibətlər ilə iqtisadi mənafelərin əlaqəsi (müxtəlif birlik formalarının mənafeləri); iqtisadi sfera ilə dövlətin münasibətləri və s. Bu məsələlərin rolu təkcə sırf iqtisadi sfera ilə məhdudlaşmır, bütöv bir tam kimi götürülən cəmiyyət sistemini əhatə edir, buna görə də sosial – fəlsəfi xarakter daşıyır.

Sosial fəlsəfədə iqtisadi sferanın öyrənilməsi o dərəcədə əhəmiyyətli yer tutur ki, hətta son dövrlərin ədəbiyyatında “iqtisadi fəlsəfə” anlayışı geniş yayılmaqdadır. İqtisadi fəlsəfə sosial fəlsəfə sisteminə xüsusi bir hissə kimi daxildir. O cəmiyyətin iqtisadi həyatına özünün spesifik nöqteyi – nəzərindən yanaşır.

Göstərilməlidir ki, sosial fəlsəfə istehsalın texnologiyasını, müxtəlif məhsulların hazırlanması üsullarını və insanların təsərrüfat fəaliyyətinin maddi tərəfini öyrənmir. O öz diqqətini əmək məhsullarına müəyyən ictimai forma verən, ayrı-ayrı insanlar ilə cəmiyyətin əlaqəsi üsullarını müəyyən edən şərtlə bağlı məsələlərə yönəldir. Əvvəla onu qeyd edək ki, ümumi mənada iqtisadiyyat dedikdə insan nəsli ilə təbiət arasında fərdlərin və ictimai birliklərin şüurlu fəaliyyətindən keçərək baş verən maddələr mübadiləsi başa düşülür. Müasir dövrdə iqtisadi reallığın mənzərəsinin dəyişilməsinə uyğun olaraq iqtisadiyyat anlayışı da yeni məzmun kəsb edir. Bu günkü iqtisadi reallıq “sərvətlər dünyası”, “təsərrüfat mədəniyyəti dünyası” və təsərrüfatçılıq edən “subyektin dünyası” kimi üç əsas elmi mənzərəni ifadə edir.

İqtisadi həyatı öyrənən təlimlər xeyli qədim tarixə malikdir. Onun əsasları Aristotel tərəfindən qoyulmuşdur.

XII əsrdə yaşamış məşhur Azərbaycan filosofu Siracəddin Urməvi aşağıdakı suallara cavab verməyə çalışmışdır. Əmək və istehsal insanların ictimai həyatında nə kimi rol oynayır? Cəmiyyət və iqtisadiyyatın qarşılıqlı təsiri və inkişafı hansı yolla gedir?

S. Urməvi, insanın bir fərd və ictimai varlıq olduğunu qeyd edərək, yaşamaq üçün maddi ehtiyacların ödənilməsinin zəruriliyini göstərirdi. O, mülkiyyət münasibətlərinin iki formasını (icma mülkiyyəti və xüsusi mülkiyyət) tədqiq etmişdir. Cəmiyyətin sosial quruluşu, hüquq və siyasət, idarəetmə və ideologiyasının bu mülkiyyət formalarına uyğun inkişaf etdiyini göstərmişdir. XIV əsr Şərqinin böyük mütəfəkkiri İbn – Xəldun da cəmiyyətin inkişafının əsasını maddi istehsal təşkil etdiyindən bəhs etmiş, tarixin inkişaf mərhələlərini qeyd etmişdir. Yeni dövrdə bu təlimi A.Smit və D.Rikardo inkişaf etdirmişdir.

XVIII əsrin iqtisadçı və filosofu olan A.Smit 1776-cı ildə yazdığı “Xalqların varlanmasının səbəbləri və mahiyyətinin tədqiqatı” əsərində əməyin dəyər nəzəriyyəsini yaratmış, onun başlıca kateqoriyalarığı işləyib hazırlamışdır. O, göstərirdi ki, gəlir fəhlə əməyinin məhsulunun bir hissəsi, qalığıdır. Lakin Smit səhvən belə düşünürdü ki, əmtəənin dəyəri kapital, torpaq və əməyin əsasında əldə edilmiş gəlir əsasında formalaşır. İlk dəfə olaraq o, burjua cəmiyyətinin sinfi bölgüsünü öyrənərkən muzdlu əməkçilər, kapitalistlər və torpaq sahibkarları siniflərini müəyyən etdi.

Klassik alman fəlsəfəsində də maddi istehsal haqqında müəyyən fikirlər irəli sürülüb. Hegel, insan sirrini onun düşüncəsində, Feyerbax isə qəlbində görürdü. Feyerbax qeyd edirdi ki, insan həm rasional, həm də emosional varlıqdır. Insan dünyanın hissi qavranılmasının xüsusi tərzinə malikdir. İnsan – təbiətin bir hissəsidir, o, dünyanı emosional – hissi şəkildə qavrayır. İnsanlar arasında ünsiyyət, öz mahiyyətinin qəbulu və təsdiqi şəklində baş verir, ünsiyyət pozulduqda, Allah ideyası ortalığa atılır. Allahı sevmək lazım gəlir. Sevginin real və özgələşmiş formaları insan varlığını, ictimai həyatı müəyyən edir.

İqtisadi təlimin sonrakı inkişafı K.Marksın adı ilə bağlıdır. O dəyər nəzəriyyəsini təkmilləşdirmiş və izafi dəyər nəzəriyyəsini yaratmışdır. Təsadüfi deyildir ki, məşhur amerikan professoru Samuelson Marksı A.Smit, C.Keyns və digər iqtisadçıların daxil olduğu “intellektual nəhənglər”dən biri hesab edirdi.

Marksın iqtisadi nəzəriyyəsi xüsusilə də onun gəlir, əmək haqqı və kapitalist müəssisənin təbiəti haqqında fikirləri çox əhəmiyyətlidir.

Marks da insanın təbiətin bir hissəsi olduğunu hesab edərək, onun başlıca xüsusiyyətini – dünyanın dəyişdirilməsi, fəth edilməsində görüb. İnsan iki cismin dialektikasıdır – qeyri-üzvü və üzvü. Qeyri-üzvü cisim insandan ayrılır: sosiallaşma prosesində təkrar istehsal edilir, nəsildən-nəsilə ötürülür. Qeyri-üzvü cisim artıq sivilizasiyanın qeyri-üzvü cisminə çevrilir, insan bunu nəzərə almadan dünyaya uyğunlaşa bilməz. Maddi istehsalda insan özünü iki komponentdə təkrar istehsal edir (üzvü və qeyri-üzvü). İnsanın mahiyyəti maddi nemətlərin istehsalında ifadə olunur. Sivilizasiyanın inkişaf tarixi – istehsal prosesində predmetlərin istehlakının mürəkkəbləşməsi tarixidir. Bu, insan həyatını əsaslı şəkildə dəyişdirir. Məsələn qədim yunan polisinin dövründəki insanlarla müasir elmi-texniki inqilab dövrünün insanları arasında çox böyük fərqlər vardır. Sosial təkamül gedişində insanla birlikdə qeyri-üzvi cisim də inkişaf edir.

Bu prosesin digər tərəfi – insanın insana münasibətidir. İnsan dünyaya praktiki münasibətini formalaşdıraraq, təbiəti istifadə etmək üçün vasitələrə əl atır, predmetlə kontakta girir, bu halda o başqa insanlarla münasibətlər yaratmağa məcbur olur. İnsan əmək vasitələrindən istifadə edərkən sosial münasibətlərin mürəkkəb sisteminə daxil olur. Sosial münasibətlər – insanın qeyri-üzvü cisminə aid olan münasibətlərin çox vacib bir hissəsi kimi çıxış edir. Bu əlaqələrin mürəkkəb sistemində Marks istehsal münasibətlərinin  başlıca olduğunu göstərir. Bu münasibətlər üzərində digərləri (siyasi, hüquqi) qurulur. Buraya həm də qrup, kollektiv birləşmələrin münasibətləri və ünsiyyəti də daxildir.

İnsanların fəaliyyəti nəticəsində cəmiyyət orqanizmi həm təkrar istehsal olunur, həm də dəyişilir. Fəaliyyət daim olmalıdır ki, məhsul istehsal olunsun, ictimai həyat yeniləşsin.

K.Marks cəmiyyətin əsasını iqtisadiyyatda görürdü. Bu fikir müəyyən qədər doğrudur. Lakin iqtisadi həyatın rolunu şişirtmək, onu cəmiyyətdə hər şeyin müəyyənedicisi kimi göstərmək doğru deyildir. Xüsusən də iqtisadi həyatın mənəvi sferanı müəyyən edən xüsusi tipli varlıq olması fikri şübhə doğurur. Eynilə də Marksın ictimai varlığın şüuru müəyyən etdiyi haqqında müddəası ilə razılaşmaq olmaz. Axı insan şüuru iqtisadi həyatın bütün tərəflərində lap əvvəldən mövcuddur. Məhz şüurlu insan iqtisadi münasibətlərin subyektidir. Onun sırf iqtisadi fəaliyyəti, habelə mübadilə, alqı və satqı əməliyyatları şüurlu baş verir. Onların hamısı bir-birilə sıx bağlı olan tələbatlar, məqsədyönlülük, iradi hərəkətlər, məsuliyyət, hüquqi düşüncə və sairi əhatə edən vahid zəncir silsiləsini təşkil edir. Deməli, cəmiyyət özünün tam dolğunluğu ilə subyekt ilə obyektin çulğalaşması kimi çıxış edir. Ona görə də burada nəyinsə birinci və nəyinsə ikinci olduğunu iddia etmək doğru deyildir.

İqtisadi həyatın özü sözün müəyyən mənasında sosial prosesdir. Bu prosesdə insanlar həm konkret bir təsərrüfatın bilavasitə nümayəndələri kimi, həm də dolayısı ilə ümumtəsərrüfat orqanizminin tərkib hissəsi kimi çıxış edirlər.

2.Məhsuldar qüvvələrin inkişafı haqqında. Tədqiqatçılar məhsuldar qüvvələrin inkişafını, biosferin təbii resurslarının nisbi məhdudluğu, ictimai istehsalın tələbatlarının artımı, təbii mühitin böhran vəziyyətə düşməsi kimi ziddiyyətlərin aradan götürülməsi zərurətinə əsaslanaraq, müasir sivilizasiyanın texnoloji inkişafını yeni, konseptual modellərin axtarılmasında görürlər. Bunun üçün bir sıra sosial, elmi-texniki, tibi-bioloji problemləri həll etmək lazımdır (məs. A.İ.Vernadski onların bəzilərini qeyd edirdi: qüdrətli enerji bazasının yaradılması, sintetik məhsulların (o cümlədən ərzaq) hazırlanması, ekoloji cəhətdən qapalı olan qida sistemlərinin yaradılması və s.).

Şübhəsiz, biosferi texniki qurğularla əvəz etmək qeyri-mümkündür. Söhbət elə bir istehsal fəaliyyətindən gedir ki, bu zaman sənaye, kənd təsərrüfatı və bərpaedici fəaliyyət təbii əlaqələr və münasibətlərin pozulmasına səbəb olmasın.

İbtidai-icma cəmiyyətində istehsalın məqsədi – bioloji tələbatların minimumunun ödənilməsi idi, bu da öz növbəsində istehsal üsulu, bir də insanların təbiətə münasibətini müəyyən edirdi.

Quldarlıq və feodalizm cəmiyyətlərində “cəmiyyətin bir hissəsi digərini özünün təkrar istehsalı üçün zəruri olan təbii və qeyri-təbii şərti olduğunu hesab edirdi. Qul... torpağın əlavəsidir”(K.Marks). Tədricən təbiət xammal mənbəyinə çevrilir.

Kapitalizm cəmiyyətində istehsalın məqsədi və motivi dəyərin daima artırılmasıdır, istehsal yalnız kapitalı artırmaq məqsədi güdür.

Ümumi şəkildə cəmiyyətdə iqtisadiyyatın inkişafı haqqında M.Veberin əsas ideyaları da maraqlıdır. Məlumdur ki, cəmiyyətin tarixi mərhələlərini o, ideal tiplərin ifadə üsulu adlandırıb, bununla tarixi inkişafın universal qanunauyğunluğunu ideyasına qarşı çıxmışdır. Ictimai münasibətlərin təşkili üsulunun müasir tipi – rasionallıqdır. Veber cəmiyyətin təsərrüfatçılıq sahəsi, müxtəlif sosial qrupların maddi və ideoloji maraqların, bir də dini şüurun qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirmişdir.

Kapitalizmin yaranmasında iqtisadi amillərin rolunu qeyd edən Veber Marksın izafi dəyər haqqındakı nəzəriyyəsinə qarşı çıxmışdır.

Müasir dövrdə əmək, istehsal və iqtisadiyyat problemində texnika fenomeni ön plana çəkilir. Amerika iqtisadçısı Con Kennet Qelbreyt iqtisadi sistemdə bazarın və azad rəqabətin rolu ilə yanaşı siyasət və digər sosial institutların rolunu qeyd edirdi. Qelbreyt “istehlak cəmiyyəti” nəzəriyyəsində ucuz malların bolluğu əsasında insanların firavan yaşaması ehtimalını irəli sürüb, sonradan isə “yeni industrial cəmiyyəti” ideyasında texnostruktur əsasında (idarəetmədə mütəxəssislərin iştirakı strukturu) kapitalizmin təkmilləşməsi haqqında bəhs edib. Texnoloji determinizm mövqeyindən çıxış edən Veblen 1921-ci ildə yazdığı “mühəndislər və qiymətlər sistemi” əsərində, sənaye istehsalı və texniki tərəqqinin cəmiyyətin inkişafında əsas rol oynadığını qeyd edirdi. Texnokratizm cərəyanı nümayəndələri sırasında D. Bell və A.Frii də qeyd etmək lazımdır.

70-80-cı illərdə Qərbdə cəmiyyət haqqında çoxlu müxtəlif nəzəriyyələr müydana gəldi. Onların ümumi cəhəti – texnikanın cəmiyyətdə aparıcı rol oynaması və informasiya cəmiyyəti haqqındakı ideyalar olub. F.Ferrarotti informasiya cəmiyyətinin sənaye cəmiyyətinin növbəti mərhələsi olduğunu (industrial və kütləvi istehsalla kütləvi istehlak mərhələlərindən sonra) sayırdısa, O.Toffler supersənaye cəmiyyəti mərhələsinin tarixin ayrıca bir mərhələsi olduğunu göstərir. 10 min il əvvəl aqrar inqilab başlandı; sonra təx. 300 il əvvəl sənaye inqilabı baş verdi. Cəmiyyət kənd təsərrüfat formasından sənaye formasına keçdi; kəndlilərin çoxu fəhlə oldu; indi isə “üçüncü dalğa” adlanan mərhələ başlanıb: cəmiyyətin strukturu, istehsalı, mədəniyyətin quruluşu, sosial institutlar əsaslı şəkildə dəyişir, dünya sənaye sistemi iğformasiya sistemi ilə əvəz olunur, elmi-texnoloji inqilab baş verir. Yeni texnoloji əsaslarda kütləvi istehsaldan uzaqlaşma baş verir, fərdi sifarişlər yerinə yetirilir. Kütləvi cəmiyyətə xas olan standartlaşma, mərkəzləşmə, iriləşmə, ixtisaslaşma, dezinformasiyalaşma, sinxronlaşmaya son qoyulur. “Birinci dalğa” dövründə əsas mülkiyyət torpaq, “ikincidə”-binalar, fabrik, zavodlar, maşınlar olubsa, “üçüncü dalğa” dövründə əsas mülkiyyət – informasiyadır. Bu cəmiyyətin inkişafında da çoxlu çətinliklər var.

Texnika və cəmiyyətlə bağlı bir sıra problemlər – insan taleyi, cəmiyyətin gələcəyi və s. haqqında düşünənlərdən Martin Haydeggeri, Karl Yaspersi, Herbert Markuzeni göstərmək olar. Onlar texniki tərəqqini tənqid edərək – insanları özgələşdirilmiş təbiətə qayıtmaq çağırışı ilə çıxış etmişdilər. Yaspers göstərmişdir ki, elmi-texniki inqilab mərhələsi insan azadlığı üçün böyük təhlükə yaradır; kütləviləşməyə qarşı etiraz edən H.Markuze insanları qiyama dəvət etmiş, bu yolla özgələşməyə son qoymağa çağırmışdı.

İnsanlar arasında istehsal prosesində qərarlaşan əlaqələr mürəkkəb struktur-funksional və çoxpilləli-tabelik sistemini yaradır. İstehsal münasibətləri adlanan bu sistemə mülkiyyət forması (istehsal vasitələrinə münasibətin forması) və insanlar arasında yaradılmış nemətlərin bölgüsü, mübadilə və istehlakı prosesindəki münasibətlər daxil edilir. Həmin sistem bundan əlavə əmək bölgüsünü ifadə edən istehsalın ixtisaslaşmasını idarəçilik münasibətlərini (əməkdaşlıq və tabelilik), habelə insanların daxil olduğu digər münasibətləri də əhatə edir. Beləliklə, iqtisadi münasibətlər sistemi çox geniş məzmuna malikdir. Burada ayrı-ayrı istehsalçıların fərdi münasibətlərindən tutmuş istehsal vasitələrinə olan münasinətə qədər çox şey əhatə olunur.

Təbiətdə fasiləsiz olaraq maddələrin çevrilməsi və dəyişilməsi prosesi gedir. Eynilə də cəmiyyətdə ictimai sərvətin dövredici hərəkəti baş verir. Məhz onun sayəsində insanların həyat fəaliyyəti təmin olunur. İctimai sərvətin hərəkəti istehsal – bölgü – mübadilə - istehlak sxemi üzrə gedir. Sözün geniş mənasında cəmiyyətin iqtisadi həyatı bu tərəflərin hamısını əhatə edir. Onun məzmununa müxtəlif maddi və mənəvi nemətlərin və xidmət sahələrinin yaradılması, bölgüsü, mübadiləsi və istehlakı daxil olur. Başqa sözlə maddi məhsullar (ərzaq, geyim, mənzil), xidmət sahələri (nəqliyyat, rabitə, səhiyyə, təhsil və s.) ilə yanaşı mənəvi nemətlər (incəsənət, elm, təhsil predmetləri) də buraya daxildir. Mənəvi dəyərin iqtisadi sferaya aid edilməsi buna əsaslanır ki, onların istehsalına müəyyən fiziki və intellektual əmək, müəyyən alət və avadanlıqlar sərf olunur. Digər tərəfdən mənəvi dəyərlər müəyyən mənada iqtisadi məzmun kəsb edir, onlar çox vaxt əmtəə formasında çıxış edir.

Bilavasitə istehsal adlanan sahədə cəmiyyət üçün faydalı olan məhsullar yaradılır. Bu prosesdə insanlar təbiətin əşyalarını və qüvvələrini öz ictimai tələbatlarının ödənilməsinə uyğunlaşdırırlar. Artıq burada istehsalın ictimai xarakteri özünü göstərir. Belə ki, onun məzmununu  insanların qarşılıqlı təsiri, onların təbiətə birgə təsiri, təbiət materiallarının insanların müxtəlif tələbatlarını ödəyəcək dərəcədə dəyişdirilməsi təşkil edir. Istehsal prosesində insanlar təbii və sosial qüvvə kimi təbiət materiallarına qarşı dururlar. Buna görə də istehsal həm də sosial məzmun kəsb edir.

Bölgü cəmiyyətin hər bir üzvünün yaradılmış ictimai sərvətdə olan payını müəyyənləşdirir. O iqtisadi həyatda mühüm rol oynayır. Belə ki, predmetlərin və xidmətin bölgüsü üsulu və səviyyəsi istehsala əhəmiyyətli təsir göstərir. Bu istehsalı stimullaşdıra və ya ləngidə bilir. Məs. ikişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əməyin kəmiyyəti və keyfiyyətinə görə bölgü prinsipinin tətbiqi əhalidə maddi marağı inkişaf etdirir. Əksinə burada yol verilən əsassız bərabərləşdirmələr mənfi təsir göstərir, yaradıcılıq motivlərini zəiflədir. Çünki gəlir əldə etmək əhalinin müxtəlif təbəqələrinin və birinci növbədə sahibkarların istehsal fəaliyyətinin əsas motividir.

Mübadilə o deməkdir ki, bölgü nəticəsində əldə edilmiş məhsulları istehlak etmək üçün onlar başqa məhsullar ilə mübadilə edilməlidir. Onun əsasında ictimai əmək bölgüsü və onun törətdiyi nəticələr durur. Məs. avtomobil zavodunun sahibkarı öz məhsulunu enerji, polad, qida, geyim, mənzil və sair məhsullarla mübadilə etməlidir. Bu, həm istehsalın davam etməsi, həm də onun özünün və ailəsinin yaşaması üçün zəruridir. Eynilə də kəndli özünün istehsal etdiyi əkinçilik və heyvandarlıq məhsullarını traktor, kombayn və digər avadanlıq ilə mübadilə etməlidir. İnsanlar arasında yalnız məhsullar deyil, xidmət növləri də mübadilə olunur. Məs. həkim müxtəlif adamlara peşə xidməti (tibbi yardım) göstərir, eyni zamanda onun özü dərzinin xidmətindən, uşaqlarına dərs deyən müəllimin, onun məhkəmə müdafiəsini təşkil edən vəkilin xidmətindən istifadə edir.

İstehlak insanlar tərəfindən maddi nemətlərin və xidmət növlərinin öz tələbatlarını ödəmək üçün istifadə etmələri deməkdir. İstehlak insanların inkişafında mühüm rol oynayır. Söhbət həm istehsal məqsədilə edilən istehlakdan (neft, qaz, enerji və s.), həm də şəxsi istehlakdan (ərzaq, geyim, mənzil və s.) gedir.

İqtisadi sferanın mahiyyətinin açılmasında tələbatların izahı xüsusilə zəruridir. Çünki insanların əmək fəaliyyətində və deməli iqtisadi münasibətlərdə tələbatların ödənilməsi əsas yeri tutur. Hər bir dövrdə təkcə iqtisadi həyat deyil, bütünlükdə cəmiyyət çoxsaylı tələbatlar və onların yerinə yetirilməsi üsullarının geniş şəbəkəsi ilə əhatə olunur.

İstehsalı hərəkətə gətirən insan tələbatlarıdır. Tələbat – obyekt və tələbatı ödəyə biləcək subyekt arasında yaranmış zidiyyətdir; o insan davranışının hərəkətverici qüvvəsi olaraq, fəaliyyətin bütövlüyü, sabitliyi və strukturunu müəyyən edir. Dərk edilmiş tələbatlar – maraq və motivlərdə, sonra isə konkret praktiki fəaliyyətdə ifadə olunur. Tələbatların dərk edilməsi dərəcəsi müxtəlif ola bilər – insanların hər hansı bir məqsədə instinktiv meyldən tutmuş, onun nəzəri, elmi qavranılmasına qədər.

Maddi tələbatlar, müəyyən bir normativlərə cavab verir, onların dövretmə həddləri sabitdir, mənəvi tələbatların normativləri dəyişən, dövretməsi isə uzunmüddətlidir.

İnsanın öz tələbatlarını ödəməsi sırf bioloji xarakter daşımır. Buna görə də o heyvanların öz tələbatlarını ödəməsindən prinsipcə fərqlənir. Belə ki, insanın məqsədi – hər necə olursa-olsun tələbat ödəmək deyil. O bu işdə öz zövqünə görə hərəkət edir, faydalılıq baxımından şeyləri qiymətləndirir, mədəniyyəti və nəyin dəbdə olmasını nəzərə alır.

İnsanın öz tələbat və mənafelərini ödəməyə yönələn fəaliyyəti müəyyən mənada, həm də başqalarının tələbatlarını və mənafelərini ödəməyə xidmət edir. Digər tərəfdən o özünün tələbatlarının ödənilməsinə yalnız başqalarının əməyi sayəsində nail ola bilir.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 10673 | Загрузок: 0 | Комментарии: 3 | Рейтинг: 3.0/2 |
Всего комментариев: 3
09.03.2024
3. Ycbvkt () [Материал]
lipitor 10mg generic <a href="https://lipiws.top/">buy lipitor 20mg generic</a> order atorvastatin 80mg for sale

21.11.2014
2. Hülya () [Материал]
Bana cok yardimci oldu bu bilgi tesekkur ederim.

19.11.2014
1. kfhsp () [Материал]
Abdodndmjpddbdndux s

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024