Marketing Пятница, 29.03.2024, 00:52
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Sosial fəlsəfədə fundamental və sistemyaradıcı anlayışlar.(ardı)
[ ] 20.02.2009, 11:33

     Fəaliyyət hərəkətlər sistemidir, lakin hər bir sistem fəaliyyət deyildir. Əgər hərəkətin daxili səsəbi (təkanı) yoxdursa, o, fəaliyyət kimi qiymətləndirilə bilməz. Daxilən determinasiya edilmiş hərəkət fəallıqdır. Fəallıq adi hərəkət yox, hər hansı bir hadisənin (perdmetin) daxilən müəyyən edilmiş hərəkətidir.  Aktivliyi (fəallığı) passivlik ilə müqayisə etmək olar. Passivlikdə xarici determinasiya (müəyyənetmə) çoxluq təşkil edir. Passiv predmet bəzi hallarda aktivləşə bilər. Fəal olmağın əsası – onun təşkil olunmasıdır: təşkil nə qədər yüksəkdirsə, bir o qədər də fəallıq artır (və əksinə). Deməli, təşkil olunmanın hər mərhələ və səviyyəsinə fəallığın öz növü uyğun gəlir.

     Həm təbiət, həm də cəmiyyətdə fəallığı universal xarakterli qarşılıqlı fəaliyyət prosesləri ilə yanaşı öyrənmək lazımdır. İnkişaf, hərəkət və dəyişiklik yalnız predmet və hadisələrin qarşılıqlı təsiri zamanı mümkündür. Fəallığın mahiyyətini öyrənməyin açarı özinkişaf  prinsipidir. Fəallıq materiyanın bütün səviyyələrində sistemi təşkili təkmilləşdirir, onların sabitliyini təmin edir. Cansız təbiətdə o, bioloji sistemlərin fəallığının təkamülü üçün baza rolunu oynayır, sonuncu isə öz növbəsində sosial fəallığın inkişafı üçün zəmin yaradır. Beləliklə, fəallıq materiyanın əsasında durur, onun dəyişməsinə (sistemlərin mürəkkəbləşməsi vasitəsilə) səbəb olur.

     Fəaliyyət fəallıq vasitəsilə müəyyən edilir, lakin fəaliyyət o zaman özünün əsl mənasını alır ki, o məqsədli xarakter daşıyır, qarşısına məqsəd qoyulur.

     Fəlsəfi ədəbiyyatda məqsəd dedikdə insan şüurunda fəaliyyət zamanı əldə edilə biləcək nəticənin  ideal təsəvvürü nəzərdə tutulur (canlı təbiətdə bəzən buna əks əlaqə prinsipi deyilir, söhbət heyvanların instiktiv və şərti – refleksli davranışından gedir). Aparılmış çoxlu tədqiqatlar  fəaliyyətin məqsədyönlü fəallıq olduğunu təsdiqləyir. Məsələn, S.L.Rubinşteyin insan fəaliyyəti dedikdə dünyanın dəyişilməsinə, maddi və mənəvi mədəniyyət məhsullarının istehsalına yönəldilmiş subyekt fəallığını nəzərdə tuturdu. Fəallıq həmişə hərəkətdə ifadə olunur. Eyni zamanda, fəallıq müəyyən məqsədə yönəldilməlidir. Fəaliyyət məqsədli xarakter daşısa da, canlı varlıqların heç  də bütün hərəkətləri məqsədyönlü olmur. Ümumiyyətlə, fəallıq fəaliyyət anlayışından daha geniş məzmuna malikdir.

     Fəaliyyət anlayışı davranışla sıx bağlıdır. Əvvəla, qeyd edək ki, “davranış” sözü insan cəmiyyəti, üzvi aləm, hətta qeyri-üzvi təbiətdəki obyektlərin təşkilinin bütün səviyyələrində istifadə olunur.

     Konkret olaraq insan davranışı dedikdə, heç də həmişə məqsədyönlü fəaliyyətin əsasında duran davranış nəzərdə tutulmur. Söhbət insanın digər adamlara, cəmiyyətə və ictimai normalara olan münasibətdən gedə bilir. Hər hansı bir şəraitdə (aktiv və ya passiv şəkildə) insanın burada mövqeyi bilinir, onun rəyi yaranır.

     Ümumilikdə davranış dedikdə, insanlar və ya heyvanların ətraf mühitlə müəyyən hərəkətlər sistemi nəzərdə tuturlar. Lakin bu tərifdə davranış və fəaliyyət, əslində, bir-birindən fərqlənmir. Davranış xarici hərəkətləri əhatə edirsə, fəaliyyət daxilən də aparıla bilər(mənəvi fəaliyyət). Deməli, hər iki anlayışın oxşar və fərqli cəhətləri, əlamətləri vardır.

      Dyomin insan fəaliyyəti haqqında belə yazır: 1) insan fəaliyyəti özündə istehsal etmək mənasını daşıyır. İnsanlar təbiətdən hazır predmetləri ala bilmədikləri üçün yaratmaq, istehsal etmək məcburiyyətindədirlər; 2) insan fəaliyyəti öz təbiətinə görə ictimai xarakter daşıyır; 3) insan fəaliyyəti şüurludur, şüur proqramlaşdırır, əsaslandırır və idarə edir.

     İnsan fəaliyyətinin strukturu necədir? Bu suala cavab verərkən göstərilməlidir ki, o mürəkkəb və dinamik xarakter daşıyır. O nizamlanmış, qanun və qanunauyğunluqlara uyğun şəkildə formalaşmış müəyyən elementlərin qarşılıqlı təsiri sistemidir. Elementlər bir-birilə öz funksiyaları ilə sıx bağlı olduqları üçün bütövlüyü təşkil edirlər.

     İdeal şəkildə götürdükdə fəaliyyət ziddiyyətsiz təbiətə malikdir; həqiqətdə isə xalis şəkildə belə fəaliyyət mümkün deyildir. Bununla belə, o, konkret fəaliyyət növlərinin hər bir variantında müəyyən qədər özünü göstərir.

     İnsan fəaliyyətinin struktur təhlili göstərir ki, fəaliyyət dinamiki (canlı) bir prosesdir, məkan-zaman məcrasında ifadə olunur., onun strukturunu sinxroniya (eyni zamanda) və diaxroniya (müxtəlif zaman kəsiyində) baxımından öyrənmək lazımdır. Bu məsələnin təhlilində M.S.Kaqanın xidmətini yüksək qiymətləndirən Dyomin, eyni zamanda, onun fəaliyyət nəzəriyyəsində bəzi qüsurlar qeyd edir. Birinci növbədə, onun “dörd fəaliyyət növü sistemə birləşib insan  fəaliyyətini əhatə edir ” fikri qane etmir, çünki bu elementlər bir-birini tamamlayıb müəyyən, yarım sistemlərə olan tələblərə cavab vermir. Dyomin burada kommunikativ fəaliyyəti saxlamaq şərtilə qalanları dəyişdirmək, yenidən işləməyi təklif edir.

     Fəaliyyət növləri çoxdur, onlardan danışarkən çox vaxt maddi-istehsal, sosial-siyasi, ailə-məişət, mənəvi sahələri göstərirlər. Belə bölgü vacib və zəruridir, lakin fəaliyyətin strukturunu tam aşkar etmək üçün, Dyomin belə bir fikir irəli sürür: intellektual və qiymətverici, emosional, nəzəri və praktiki fəaliyyət növləri insan fəaliyyətin strukturunun aşağı səviyyəsini, predmetli fəaliyyət, əmək və oyun fəaliyyəti onun digər yüksək səviyyəsini təşkil edir.

     Əlbəttə bu strukturların hər birini tam dəqiqliklə xarakterizə etmək çox çətindir. Dyomin təhlili predmetli-dəyişdirici fəaliyyət və ünsiyyətdən başlamağı təklif edir. Predmetli fəaliyyət aparmadan insan yaşaya bilməz, bu fəaliyyətin özü isə ünsiyyətin, kommunikativ fəaliyyətin yaranmasına səbəb olur. İnsan fəaliyyəti maddi və mənəvi mədəniyyətlə müəyyən olunur, bu mədəniyyət sanki fəaliyyətin obyektləri və subyektləri arasında yerləşir. Subyekt, mədəni irsi mənimsəmə, predmetli fəaliyyəti apara bilməz. Predmetli fəaliyyətin intellektual və emosional, nəzəri (mənəvi) və praktiki (maddi) tərəfləri vəhdət təşkil edir. Bütövlükdə predmetli fəaliyyət və ünsiyyət insan fəaliyyətinin çox mürəkkəb strukturunu təşkil edir. İnsan fəaliyyətinin müəyyən olunması mənafe “maraq” kateqoriyası ilə bağlıdır.

         3.Fəlsəfədə ünsiyyət anlayışı.XIX-XX əsrlərin fəlsəfi fikrində “ünsiyyət” anlayışına çox geniş yer verilir. Bir çox tədqiqatçılar, o cümlədən Q.Zimmel, E.Kassirer, M.Şeler, K.Yaspers, M.Haydegger cəmiyyət haqqında öz nəzəriyyələrini yaradarkən onu əsas və izahedici prinsip kimi götürürlər. Zimmel (1858-1918) öz sosioloji əsərlərində “sosial” dedikdə fərdlərarası münasibətləri nəzərdə tuturdu. Onun fikrincə, konkret tarixi məzmun dəyişsə də qarşılıqlı fəaliyyət formaları sabit qalır. Zimmel, xüsusi olaraq, kiçik qruplarda sosial münasibətləri öyrənib, sosial fərqlər, müxtəlif sosial formaları (müqavilə, konflikt, rəqabət, nüfuz, tabe olma və s.) tədqiq edib.

     E.Kassirer (1874-1945), neokantçılığın Marburq məktəbinin nümayəndəsi kimi mədəniyyətin müxtəlif sahələrini “simvolik forma”lar adlandırır (dil, əfsanə,din, incəsənət, elm, tarix), onların müstəqilliyini qeyd edir. İnsan, “işarələri yaradan heyvan” kimi öz ünsiyyətini də bu işarələr əsasında qurur. İşarələr əsasında Maks Şeler aksiologiya elmini yaradıb. O mütləq dəyərlər  və empirik dəyişənlər arasında münasibətləri belə görür: tarixdə nisbi xatrakterli dəyərlər deyil, onların mövcudluğunun tarixi formaları yaşayır. M.Şeler ünsiyyətin vəzifəsini insanlar arasındakı münasibətlərin tənzimlənməsində görürdü; həqiqi simpatiya başqası ilə həmfəaliyyətdə olmaqdır (həmrəy olmaq).

     Alman ekzistensializminin nümayəndələri M.Haydegger və K.Yaspers insan varlığını “başqaları ilə birlikdə varlıq” kimi qeyd edir. Onlar göstərirlər ki, “başqasının azadlığı mənim şəxsi azadlığımın nühüm şərtidir”. Yaspersin fikrincə, kommunikasiyanın parçalanması azadlığın itməsinə gətirib çıxarır. Kommunikasiya (əlaqə, rabitə) ağılı və varlığı birləşdirir. Yaspersin kommunikasiyası – azlığı təşkil edən “seçmə” adamların mənəvi ünsiyyətidir. Burada insan kütləvi kommunikasiyada obyektə çevrilmiş fərddən fərqli olaraq, subyekt kimi çıxış edir.

     Göründüyü kimi, həyat fəlsəfəsi, antrologiya və ekzistensializm nümayəndələri insanlar arasındakı ünsiyyəti cəmiyyətin inkişafı və fəaliyyətində görərək, onu insan davranışında əsas prinsip kimi qeyd edirlər.

     Ünsiyyət kateqoriyasının sovet ədəbiyyatında geniş şəkildə şərh edənlərdən biri L.P.Buyevadır. O, qeyd edirdi ki, ünsiyyət-ictimai subyektlərin (sinif, qruplar, şəxsiyyətlər) qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətidir. Bu zaman fəaliyyət, informasiya, təcrübə, qabiliyyətlər, bacarıq və vərdişlər mübadiləsi aparılır, fəaliyyət nəticələri bölüşdürülür. Ünsiyyət- cəmiyyət və şəxsiyyətin fəoramalaşması və inkişafı üçün zəruri və ümumi şərtdir.

     Ünsiyyətin bütün formaları üçün real vasitəçi – həm mənəvi fəaliyyət yekunları (ideyalar, sərvətlər, ideallar, hislər, əhval-ruhiyyə), həm də maddi əşyalar (insan əməyinin vasitə və alətləri, insan fəaliyyətinin məhsulu olan obyektlər və s. ) olur. Ünsiyyət zamanı sosial təcrübə ötürülür və mənimsənilir. Bu prosesdə subyektlərin qarşılıqlı əlaqələrinin strukturu və mahiyyəti dəyişilmir, tarixən müəyyən şəxsiyyətlər tipi formalaşır, şəxsiyyət sosiallaşır. “Ünsiyyət” termini daha çox insanlararası münasibətlər səviyyəsində işlədilir; ünsiyyət bilavasitə və dolayı yolla həyata keçirilir.

     Müasir şəraitdə şəxsiyyətin sosiallaşmasında dəyərlərin rolunu izah edərkən formalaşmaqda olan bazar müsasibətlərinin bu prosesə təsirini qeyd etməmək olmaz. Keçmiş SSRİ-yə daxil olmuş bütün respublikalar kimi Azərbaycan da müstəqillik əldə etdikdən sonra totalitar rejimin qalıqlarının ləğv edilməsi və açıq demokratik cəmiyyətə keçid dövrünü yaşayır. Bu, ictimai həyatın bütün sfera və tərəflərində bazar münasibətlərinin bərqərar olması ilə səciyyələnir. Yaranmaqda olan bazar münasibətləri hər şeydən əvvəl iqtisadi sahədə dövlət mülkiyyətinin inhisarına son qoymağı, xüsusi mülkiyyəti genişləndirməyi, azad sahibkarlığa geniş meydan verməyi nəzərdə tutur. Son illərdə bu istiqamətlərdə atılan əsaslı addımların rolu təkcə iqtisadi həyat ilə məhdudlaşmır, onlar həm də ictimai həyatın digər sferalarına da güclü təsir göstərir. Həmin sferalarda (sosial, siyasi, mənəvi) ardıcıl surətdə həyata keçirilməkdə olan əsaslı və hərtərəfli demokratikləşdirmə xətti bunun üçün əlverişli imkanlar açır. Beləliklə formalaşmaqda olan bazar qanunları iqtisadi, sosial, siyasi və mənəvi münasibətlər sisteminə güclü dəyişdirici təsir göstərir, insanların bütün həyat tərzini yeniləşdirir.

     Bazar münasibətlərinin mahiyyətini təşkil edən iqtisadi liberalizm, rəqabət, daha çox gəlir və qazanc əldə etmək cəhdləri şəxsiyyətin dəyərlər oriyentasiyasına ciddi təsir edir. Həm də, bu təsir öz xarakterinə görə birmənalı olmur. Başqa sözlə deyilsə, bazar münasibətləri bir tərəfdən şəxsiyyətin təşəbbüskarlığını artırır, fəallığını və enerjisini gücləndirir, onun öz qabiliyyətlərini və yaradıcılığını inkişaf etdirmək üçün geniş imkanlar açır.

     Digər tərəfdən bazar ilə əlaqəli dəyərlər şəxsiyyətin fərmalaşmasına həm də mənfi təsir edir. Müasir qərb mütəfəkkirlərinin böyük bir qismi (K.Xorni, E.From, C.Xomans və R.Merton) məsələnin bu tərəfinə diqqət yetirərək göstərirlər ki, bazar qanunlarının fəaliyyəti nəticəsində şəxsiyyətin mənəviyyatı ikiüzlü xarakter alır, onun özgələşməsi artır, psixiki pozuntular, nevroz vəziyyəti özünü göstərir. Məsələn, E.From göstərir ki, bazar münasibətlərinin mövcudluğu ilə səciyyələnən indiki dövr, həm də, “yeni tipli insanı” əmələ gətirir. O, bu insan tipini “bazar xarakterli insan” adlandırır. From yazır ki, bazar xarakterinə malik insan hər şeyi əmtəə kimi qavrayır. Təkcə əşyalar deyil, şəxsiyyətin özü də, onun fiziki enerjisi, vərdişləri, biliyi, rəyləri, hisləri, hətta, gülümsəməyi də əmtəə kimi qəbul olunur. Hər cür şəraitdə əlverişli sövdələşmək insanın başlıca məqsədinə çevrilir

     Deyilənlər sübut edir ki, müasir şəraitdə şəxsiyyətin dəyərləri bazar prizmasından keçərək fəaliyyət göstərməyə başlayır və bazar dəyərləri xarakteri kəsb edir. Bazar münasibətlərinin hökmranlığı şəraitində şəxsiyyət çox vaxt onun həyatının mənasını təşkil edən yüksək dəyərləri itirir. Bu isə yuxarıda qeyd olunan ekzistensial vakuuma gətirib çıxara bilir. Buradan aydın olur ki, bazar münasibətləri və onunla əlaqəli dəyərlər öz özlüyündə yüksək mahiyyət kəsb edə bilməz. Bu dəyərlər həmişə insanın özünün inkişafı üçün vasitə-dəyər rolunu oynayır. Əlbəttə maddi qazanc əldə etmək məqsədi güdən dəyərlər də insan üçün lazımdır. Lakin unudulmamalıdır ki, onların arxasında daha vacib, şəxsiyyətin mənəvi inkişafı üçün daha zəruri olan dəyərlər vardır. Bu gün onların qorunub saxlanılması və inkişaf etdirilməsi həmişəkindən daha çox aktualdır. Göstərilən vəzifənin yerinə yetirilməsində fəlsəfə də əhəmiyyətli rol oynayır. Müasir dövrün görkəmli mütəfəkkirlərindən olan A.Uatxeyd bu münasibətlə yazır ki, fəlsəfənin başlıca funksiyası insanları ölümdən xilas etməyə qadir olan dünyagörüşü axtarıb tapmaqdır. Unudulmamalıdır ki, insanlar üçün adi heyvani tələbatlar çərçivəsindən kənara çıxan dəyərlər çox əzizdir.

     Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar: bazar münasibətlərinin yaradılması lazımlı və zəruridir. Lakin dövlət strukturları bu prosesin formalaşmasını tənzim etməlidirlər. Əsas məqsəd iqtisadi inkişafı sosial və mənəvi təkmilləşməyə doğru yönəltməkdir. Yalnız bu əsasda iqtisadi liberalizmin və rəqabətin şəxsiyyətin dəyərlər oriyentasiyasında yaratdığı neqativ təsirləri aradan qaldırmaq mümkündür.

     Qeyd olunmalıdır ki, cəmiyyətin müxtəlif sosiomədəni tipləri özünəməxsus dəyərlərə malikdir. Onlar şəxsiyyətin dəyərlər oriyentasiyasını və davranışını, habelə, onun sosiallaşması üsullarını şərtləndirən mühüm amil rolunu oynayırlar. Bu mənada bir-birilə yaxın Şərq və Qərb regionlarının malik olduğu dəyərlərə diqqət yetirmək məqsədəuyğundur. Onların hər biri öz həyat tərzinin spesifikliyi ilə bağlı olan dəyərləri əks etdirir. Məsələn, Şərq üçün cəmiyyət ilə şəxsiyyət əlaqələrinin möhkəm olması, şəxsiyyətin davranışında ədalət, humanizm, səmimiyyət, insanlıq, valideynlərə və böyüklərə hörmət kimi normalar və qaydalar mühüm yer tutur. Burada şəxsiyyətin sosiallaşması prosesində ailənin rolu böyükdür. Cəmiyyətin özünə də çox vaxt böyük ailə kimi  baxılır. Odur ki, şəxsiyyətin tərbiyəsi və sosiallaşmasında dünyanı dəyişdirmək mümkün deyil, insanın öz-özünü təkmilləşdirməsi əsas istiqamət hesab olunur. Qərb regionu isə şəxsiyyət ilə cəmiyyətin qarşıdurması, fərdi dəyərlərin ictimai dəyərlərdən üstünlüyü ilə səciyyələnir. Müasir azərbaycan cəmiyyəti hər iki regionun sərhəddində yerləşir. Buna görə də, burada şəxsiyyətin səsiallaşması prosesində hər iki regiona xas olan müsbət dəyərləri əlaqələndirmək zəruridir. Məsələn, Şərq xalqlarının mentalitetində ənənəvi olaraq kollektivçilik dəyərləri geniş yer tutur. İnsanlar arasında sosial əlaqələrin möhkəmləndirilməsində onlara söykənmək faydalıdır. Digər tərəfdən qərb üçün səciyyəvi olan fərdiyyətin rolunun genişləndirilməsi, onun fəallığı və müstəqilliyinin artırılması ilə bağlı dəyərlərə xüsusi diqqət yetirilməlidir. Deyilənlərlə əlaqədar belə bir sual qarşıya çıxır: müasir azərbaycan cəmiyyəti şəxsiyyətinin sosiallaşmasında hansı tərəf üstünlük təşkil etməlidir: şərq üçün səciyyəvi olan özünütəkmilləşdirmə, yoxsa qərbdə əsas yer tutan sosial mühiti dəyişdirmə? Bu suala cavab verərkən göstərilməlidir ki, ən yaxşı yol onların hər ikisini düzgün əlaqələndirməkdir. Belə ki, şəxsiyyətin normal inkişafı üçün həm onun özünün təkmilləşməsi, həm də sosial mühiti dəyişdirməsi tələb olunur. Təkcə birinci tərəf ilə məhdudlaşmaq sosial mühitə kor-koranə uyğunlaşmağa, konformist (müti) davranışa gətirib çıxarır. Eynilə də, ikinci tərəf  (fərdi dəyərlərin rolunun şişirdilməsi) yolverilməzdir. Əks halda, əsassız eqoizm özünü göstərir və şəxsiyyətin cəmiyyətdən özgələşməsi güclənir.

 

     Müasir dövrdə şəxsiyyətin sosiallaşması prosesində irrasional və uydurma dəyərlər də müəyyən təsir göstərməkdədir. Söhbət ondan gedir ki, bu gün şəxsiyyət çox böyük miqdarda informasiya axını ilə üzləşir. Onun məzmununda isə rasional və elmi məlumatlarla yanaşı, həm də mistika, astrologiya, magiya, cadugərlik və sair də özünü göstərir. Belə şəraitdə bəzən qeyri-şüuri səviyyədə gerçəkliyi kor-koranə və qeyri-tənqidi qavrayan təfəkkür formalaşır. Nəticədə rasionalizm irrasionalizm ilə əvəz oluna bilir, bəzi mifoloji təsəvvürlər isə rasional formada qəbul olunur. Qeyd olunan vəziyyətdə formalaşan  şüur tipi real həyatdakı ziddiyyətlərə məhəl qoymur, obyektivlik prinsipi subyektivizm ilə əvəz edir, zəkanın yerinə inam və etiqad yaradır. Bütövlükdə isə mifoloji şüurun əlamətləri qərarlaşır.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 3039 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
07.03.2024
1. Udgjki () [Материал]
cheap lipitor 80mg <a href="https://lipiws.top/">atorvastatin cheap</a> atorvastatin 10mg ca

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024