Azərbaycandakı banklar kredit şərtlərini sərtləşdirəcək
Hazırda bütün dünyada, o cümlədən ABŞ-da, Avropada və Asiyada banklar tərəfindən ayrılan kreditlərin şərtləri sərtləşdirilir. Əgər bu proses dünyada likvidliyin azalması, böhran nəticəsində bankların ümumi maliyyə vəziyyətinin pisləşməsi və əsasən iqtisadi geriləməyə görə potensial borcalanların, o cümlədən ev təsərrüfatların və korporativ müştərilərin maliyyə vəziyyətlərinin ağırlaşmasına görə baş verəcəyi gözlənilirsə, Azərbaycanda səbəblər fərqli olacaq. Qeyd edək ki, ABŞ-da artıq bankların 95%-i kreditləri bahalaşdırıb, 85%-i tələblərini kəskin sərtləşdirib. Azərbaycan Milli Bankı tərəfindən dünya maliyyə böhranı nəticəsində banklara xaricdən cəlb etmənin çətinləşəcəyini bildirib və bununla bağlı kreditləşməyə daha ehtiyatla yanaşmağı tövsiyə edib. Hətta, banklar bir müddət istehlak kreditlərini tam dayandırıb. Ölkədə kreditləşmə, o cümlədən biznes kreditləşməsi bərpa olunduqdan sonra banklar böhran fonunda kreditləşmə şərtlərini sərtləşdirərək, əsasən faiz dərəcələrini artırmaqla yanaşı girovun həcmini (kreditin məbləğinə nisbətini artıracaq) və borcalanlara qarşı tələblərini sərtləşdirəcək. Hazırda banklar kreditin həcmində 1,5-2 dəfə artıq məbləğdə girov tələb edir, çünki dünyada maliyyə böhranı məhz daşınmaz əmlak bazarında başlayıb. Girovsuz kreditlərin isə tələblərinin artırılacağı gözlənilir. Hətta dünya maliyyə böhranı ilə bağlı preventiv addımlar kimi bunun Milli Bank tərəfindən diktə olunacağı istisna edilmir. APA-ECONOMICS.
|