Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşmasının tarixi
[
]
17.10.2008, 18:31
Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşmasının tarixi
Anar İSGƏNDƏROV, BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor
1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar.
1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğurdular. Kazım Qarabəkir paşa ABŞ generalı Harborda göndərdiyi məktubda yazırdı: "Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış heç kimə rast gəlmədim. Bütün uşaqların bədənləri süngülərlə dəlik-deşik edilib. Qocaları və qadınları zirzəmilərə doldurub diri-diri yandırıblar, gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir…" Ermənilərin yerli əhaliyə qarşı həyata keçirtdiyi bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan "Tayms" qəzeti yazırdı: "Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır". Erməni millətçiləri uydururlar ki, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, müharibəyə qədər bu ərazidə 1 milyon 300 min erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər də var. "Tayms" qəzeti yazır: "Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur". Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur. 1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir. Birinci Dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi təbii bir haldır". Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərin ölümündən daha faciəli olmuşdur. Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, yerli türk əhalisi olmuşdur. Osmanlı ərazisində öz mənfur planlarını reallaşdıra bilməyən erməni silahlı dəstələri Qərbi Azərbaycan, Cənubi Azərbaycan və Şimali Azərbaycanda müsəlman əhalisinə qarşı kütləvi qırğına başladılar. 1917-ci ilin fevralında Rusiyada 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Zaqafqaziya idarəçiliyi üzrə Xüsusi Zaqafqaziya Komitəsi fəaliyyətə başladı. Müvəqqəti hökumət elan edirdi ki, I Dünya müharibəsi başa çatdıqdan sonra Rusiya ərazisində yaşayan xalqların müqəddəratı məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında Lenin başda olmaqla bolşeviklər tərəfindən hakimiyyətin zorakı yolla ələ keçirilməsi Rusiyanın himayəsi altında yaşamağa məhkum edilən məzlum xalqların arzularını puça çıxartdı. 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradıldı. Burada Azərbaycan, erməni və gürcü nümayəndələri təmsil olunurdular. Bakıda Şaumyan başda olmaqla bolşeviklər bölgədəki daşnak qüvvələrini birləşdirərək yerli əhaliyə qarşı qırğına hazırlaşırdılar. Xüsusilə Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Bakıda fəaliyyət göstərən bolşeviklərin fəallığı artdı. İlk olaraq 1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakıda və ətraf kəndlərdə müsəlman əhalisi planlı surətdə soyqırıma və talanlara məruz qalmışdılar. S.Şaumyanın birbaşa rəhbərliyi ilə Bakıda üç gün ərzində 15 min günahsız insan qətlə yetirilmişdir. Onların çoxunun isə meyitləri tapılmamışdı. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində göstərilir ki, 1918-ci il mart qırğınlarından sonra Bakıda ermənilərlə azərbaycanlılar arasında sülh haqqında saziş imzalanmasına baxmayaraq, sentyabrın 15-nə qədər ermənilər müntəzəm olaraq Bakı küçələrində, ətraf kəndlərə gedən yollarda azərbaycanlıları qətlə yetirir, meyitlərini neft quyularına və ya dənizə atırdılar. Talançılar Bakıda "Kaspi" qəzeti redaksiyasının və "Dağıstan" mehmanxanasının binalarını, "İsgəndəriyyə"ni, "İsmailiyyə"ni də yandırmışdılar. "Kaspi" qəzeti redaksiyasında "Quran-Kərim"ın yenicə çap edilmiş 5 min nüsxəsi də yandırılmışdı. Bakıdan sonra 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 7000-dən artıq müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. 1918-ci ilin may ayında Quba qəzasının müsəlman kəndləri ermənilər tərəfindən qırğın və talanlara məruz qalmışdılar. Amazaspın rəhbərlik etdiyi daşnak-bolşevik birləşmələrinin Quba qəzasında törətdikləri qırğınlar daha amansız və qəddarlıqla həyata keçirilmişdi. Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. Qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox Azərbaycan türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir. 1918-ci ildə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. 1918-ci ilin martına qədər İrəvan qəzasının 199, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə-yeksan edilmişdi. 1919-cu ilin axırında isə Zəngibasarın bir neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar İran, Osmanlı və Şimali Azərbaycana pənah gətirmişdilər. Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yaşayan əhalinin təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə-baba torpaqlarından didərgin salınmışdı. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi ermənilər tərəfindən dağıdılmış, yandırılmış və talan edilmişdi. Qısa müddət ərzində İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi. Qırğınlar Azərbaycanın Lənkəran, Astara, Hacıqabul, Salyan, Kürdəmir və digər bölgələrində də həyata keçirilirdi. Lənkəran və Astarada min nəfərdən çox, Salyan və Hacıqabulda 2 min nəfərdən çox, Kürdəmirdə 2 min nəfər müsəlman qətlə yetirildi, evləri yandırıldı və əmlakları talan olundu. Ermənilər Cənubi Azərbaycanda da türk-müsəlman əhalisinə qarşı öz mənfur planlarını həyata keçirməyə başladılar. Urmiya, Xoy, Maku, Səlmas, Təbriz şəhərlərində 100 minə qədər türk-müsəlman qətlə yetirildi. Cənubi Azərbaycanda qırğınlar o dərəcədə amansızlıqla həyata keçirilmişdi ki, hətta qırğınlardan bir neçə il keçəndən sonra da Urmiya və Səlmasda insan yaşamayan boş kəndlər qalmışdı. 1918-ci il fevralın 22-də Tiflisdə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi. Fevralın 23-də müsəlman fraksiyası, gürcü menşevikləri və erməni nümayəndələrindən ibarət Zaqafqaziya Seymi öz işinə başladı. Zaqafqaziya Seymində müsəlman fraksiyasını 44 nəfər nümayəndə təmsil edirdi. Zaqafqaziya Seyminin müsəlman fraksiyası fəaliyyətə başladığı gündən mayın 26-na kimi keçirilən iclaslarında ölkədə siyasi vəziyyət, Osmanlı dövlətinə münasibət, erməni hərbi hissələrinin türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımlar və onlarla başqa məsələləri müzakirə edərək belə qənaətə gəldi ki, vəziyyətdən çıxış yolu Osmanlı dövləti ilə hansı formada isə ittifaqa getməkdən ibarətdir. 1918-ci il mayın 25-də Gürcüstanın Zaqafqaziya Seymindən çıxmasını təxmin edən Seymin müsəlman fraksiyası aşağıdakı qərarı qəbul etdilər: "Gürcüstan öz müstəqilliyini elan edəcəyi təqdirdə, Azərbaycanın da müstəqilliyi elan olunmalıdır". 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan etdi. Mayın 27-də Tiflisdə Məmməd Yusif Cəfərovun sədrliyi ilə müsəlman fraksiyasının iclası keçirildi. İclas Batumdan qayıtmış Nəsib bəy Yusifbəylinin məruzəsi ilə açıldı. N.Yusifbəyli Batumda Azərbaycan, erməni və gürcü nümayəndələri ilə Osmanlı dövləti arasında gedən danışıqlar haqqında ətraflı məlumat verdi. Eyni zamanda, qeyd etdi ki, Osmanlı dövləti Cənubi Qafqazda 3 dövlətin yaradılmasında qərarlıdır və gənc dövlətin möhkəmlənməsi və çiçəklənməsi üçün əlindən gələni edəcəyinə hazır olduğunu bildirir. Türk nümayəndə heyətinin qənaətinə görə, Zaqafqaziyanın çiçəklənməsinin başlıca rəhni Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır. Mayın 27-dəki fövqəladə iclas Azərbaycan Milli Şurasının Rəyasət Heyətini seçdi. Gizli səsvermə yolu ilə həmin vaxt Batumda Osmanlı nümayəndə heyəti ilə danışıqlar aparan M.Rəsulzadə Milli Şuranın sədri seçildi. Onun lehinə 22 nəfər, əleyhinə isə "İttihad" partiyasından olan iki nəfər səs verdi. Milli Şuranın yaradılması və onun vəzifələri barədə məlumat vermək üçün Nəsib bəyYusifbəyli, Şəfi bəy Rüstəmbəyli və doktor Xosrov paşa Sultanovdan ibarət nümayəndə heyətini Yelizavetpola göndərmək haqqında qərar qəbul olundu. 1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişininin sarayında Milli Şuranın sədr müavini Həsən bəy Ağayevin sədirliyi ilə Milli Şuranın ikinci iclası keçirildi. Gündəlikdə aşağıdakı məsələlər dururdu: 1. Son hadisələrlə əlaqədar Yelizavetpolda vəziyyət barədə Həsən bəy Ağayevin məlumatı. 2. M.Rəsulzadənin Batumdan göndərdiyi məktub və teleqramların oxunması. 3. Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda vəziyyət. Birinci məsələ haqqında məlumat verən Həsən bəy Ağayev qəti şəkildə bildirir ki, Gəncəyə gələn Osmanlı zabitlərinin Azərbaycan üçün heç bir qorxusu yoxdur. Osmanlı əsgərləri Gəncəyə gəlməklə təcavüzkar məqsəd güdmür, əksinə türklər Azərbaycanın və Zaqafqaziya respublikalarının saxlanılmasının tərəfdarıdır. İclasda ikinci məsələ kimi M.Rəsulzadənin Batumdan N.Yusifbəyliyə göndərdiyi məktub və teleqramlar Şura üzvlərinə elan olundu. Çox təəssüflər olsun ki, bu məktub və teleqramlar arxivlərimizdə qalmamışdır. Üçüncü məsələ ilə bağlı Milli Şura üzvü X.Xasməmmədov çıxış edərək Azərbaycanın müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırdı. Bu məsələ ilə bağlı N.Yusifbəyli, Əkbər ağa Şeyxülislamov, Mir Hidayət Seyidov və başqaları çıxış edərək X.Xasməmmədovun fikirlərini müdafiə etdilər. Yalnız şura üzvü F.Xoyski yerlərdə bir sıra məsələlər aydınlaşana qədər Azərbaycanın müstəqilliyinin elanının təxirə salınmasını təklif etdi. Eyni zamanda o təklif etdi ki, digər ölkələrlə sülh danışıqları aparmaq üçün tamhüquqlu hökumətin yaradılmasına ehtiyac hiss olunur. Uzun müzakirələrdən sonra Milli Şuranın 24 üzvü Şərqi və Cənub Şərqi Zaqafqaziyada Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi barədə qərar qəbul etdilər. Milli Şura üzvlərindən Sultan Məcid Qəniyev və Cəfər Axundov səsvermədə bitərəf qaldılar. Beləliklə, 6 maddədən ibarət Azərbaycanın "İstiqlal Bəyannaməsi" qəbul olundu. Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvvəqqəti hökumətini təşkil etməyi tapşırdı. Bir saatlıq fasilədən sonra F.Xoyski hökumətin tərkibini elan etdi. İlk Milli Hökumət 8 nazir və 1 dövlət müfəttişi vəzifəsi ilə fəaliyyətə başladı. 1918-ci il mayın 29-da Tiflisdə keçmiş Qafqaz canişininin sarayında H.Ağayevin sədrliyi ilə Milli Şuranın ikinci iclası keçirildi. İclasda İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəştə gedilməsi müzakirə olundu. Milli Şuranın üzvü F.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılan danışıqlar haqqında ətraflı məlumat verdi. F.Xoyski öz çıxışında Aleksandropol Osmanlı ordusu tərəfindən tutulduğuna görə İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı X.Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin Azərbaycan tərəfi üçün qaçılmaz acı bir həqiqət olduğunu etiraf edirlər. Milli Şuranın 28 nəfər üzvündən 16 nəfəri bu təklifin lehinə, bir nəfər əleyhinə, iki nəfər isə bitərəf qaldı. İclasda ermənilərlə konfederasiya yaratmaq barədə məsələ də müzakirə olundu. Qısa fikir mübadiləsindən sonra bu məsələ səsə qoyularaq Azərbaycanla Ermənistanın bir konfederasiyada fəaliyyət göstərməsi yekdil səslə qəbul olundu. 1918-ci ilin iyunun 1-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Milli Şuranın üçüncü iclası keçirildi. İclasda İrəvandan olan Milli Şura üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman Nərimanbəyov İrəvanın Ermənistana güzəştə gedilməsi ilə əlaqədar Milli Şuranın mayın 29-da qəbul olunmuş qərarına yazılı şəkildə öz etirazlarını bildirdilər. Lakin Milli Şura bu məsələni müzakirə etmədən həmin etiraz sənədini işə tikmək barədə qərar qəbul etdi. İclasda Şura üzvləri İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsini və qaçqınlara kömək göstərməyin təşkili ilə bağlı İrəvana xüsusi nümayəndə heyətinin göndərilməsinin vacibliyini qaldırdılar. Mir Hidayət Seyidov, Bağır Rzayev və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyətinin İrəvana göndərilməsi qərara alındı. Vaxtilə Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaradan ermənilər bununla kifayətlənməyərək vaxtaşırı Azərbaycandan yeni torpaqlar tələb etməyə başladılar. 1920-ci ilin aprel işğalından az sonra ermənilər Sovet Rusiyasının köməyi ilə Zəngəzur torpaqlarının Azərbaycandan qoparmağa nail oldular. Bu azmış kimi, 1923-cü ildə tarixi Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi. XX əsrin 80-ci illərinin sonlarında Moskvanın himayəsi və Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən erməni-daşnak qüvvələri Dağlıq Qarabağa olan iddialarını yenidən gündəmə gətirdilər. Bu müharibəyə hərtərəfli hazırlaşan erməni tərəfi Azərbaycanın 20 faiz torpağını işğal edərək yüz minlərlə insanı öz dədə-baba torpaqlarından qovub çıxartdılar. Bu yaxınlarda növbəti dəfə cəbhə bölgələrində yerli əhali və Milli Ordunun əsgərləri ilə görüşən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, ermənilər bu əraziyə gəlmədir, hətta onların paytaxtı da qədim Azərbaycan şəhəridir. Prezidentin bu bəyanatı Dağlıq Qarabağ probleminin həllində ikili mövqe nümayiş etdirən dövlətlərə bir mesaj idi. Prezident, eyni zamanda, XX əsrin əvvəllərində Cənubi Qafqazda yaranmış Ararat respublikasının Azərbaycan torpaqlarında təşkil olunmasını rəsmi şəkildə bütün dünya dövlətlərinə bəyan etdi. Prezident bu məsələni vurğulamaqla ölkə ictimaiyyətini, o cümlədən bütün tarixçiləri qeyd olunan istiqamətdə fəaliyyət göstərməyə, geniş təhqiqat işlərini aparmağa ruhlandırdı.