Zəngəzurda ermənilər yüzlərlə Azərbaycan tarixi abidəsini məhv edib Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi Yerevanın mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni alimlərinin “tarixi sübutları” əsasında yazılan əsərlər ancaq Ermənistanın dövlət səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ermənipərəst beynəlxalq təşkilatlar isə bu cür “tarixi sübut”ları əllərində bayraq tutaraq, məkrli siyasətlərini yeridirlər. Azərbaycan alimləri yüksək elmi səviyyədə, çoxsaylı epiqrafik, orta əsr, arxiv mənbələrinə əsaslanaraq sübut ediblər ki, Cənubi Qafqazda tarixən heç bir erməni siyasi qurumu mövcud olmayıb. Sənədlərin analizi Cənubi Qafqazın yeni tarixi konsepsiyasının işlənməsinə gətirir və Azərbaycan tarixinin sovet rus və erməni tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Ermənilər üçün ilk dövləti bu regionda Sovet Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlıların bu torpaqlardan sıxışdırılıb çıxarılması ilə yanaşı onlara məxsus olan maddi-mədəniyyət abidələri dağıdılıb, yer adları erməniləşdirilib. 1988-ci ildən sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə məcbur olublar və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıntılara, məhvə məhkum olunub. Ermənistan adlanan qədim Azərbaycan torpaqlarından ermənilər tərəfindən dağıdılan abidələr, dəyişdirilən yer adları ilə bağlı xronikanı təqdim edirik. İlkin olaraq qədim Zəngəzur torpaqlarında erməni vandalizminin qurbanı olan abidələr, dəyişdirilən yer adları haqqında məlumat verilir. Bu məlumatlar silsilə şəklində davam etdiriləcək.
Zəngəzur. Urud qəbiristanlığı
Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvan (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını məhv edib dağıdıblar.
Zəngəzur. Səlim keçidi karvansarası
Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı “erməni milli memarlıq abidəsi” kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t.III, № 991, s. 62). Həmin yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf. 1305 il) qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə, qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Məcdəddinin adı yazılıb. Abidənin içərisində erməni dilində divara bir yazı qoyulub. Bu yazıda olan mətnlə qapının üzərinə hörülən yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki, “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı verib və ərəbcə yazını qapının üzərinə qoyublar. Halbuki ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülüb. Maraqlısı odur ki, ermənilərin çap etdikləri bukletdə də karvansara Səlim karvansarası adı ilə çap olunub. İstər-istəməz belə bir sual meydana çıxır, əgər bu, erməni milli-mədəni abidəsidirsə, niyə ermənilər bunu “tatarlar” adlandırdıqları kimi adlandırırlar?
Zəngəzur. Cəfərabad türbəsi
Ermənilərin “özününküləşdirmək” istədikləri digər abidə Azərbaycan Qara-Qoyunlu dövləti, Çuxur-Səəd əmirlərinə aid İrəvanın 8 kilometrliyində Cəfərabad (indiki Arqavanq) kəndində yerləşən möhtəşəm türbədir (hicri 816-cı il – miladi 1413-cü il). Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparıb və belə bir qənaətə gəliblər ki, Qara-Qoyunlu dövləti İran dövləti olub, onun başında türkmən (müasir türkmənləri nəzərdə tuturlar) əmirləri durub. Onlar türbəni erməni maddi-mədəniyyət abidəsi kimi təqdim etməyə çalışırlar. Bu cəfəng elmi nəticə yalnız xəstə təfəkkürün məhsuludur. Qara-Qoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək qeyri-elmi və düzgün deyil. Çünki onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türkləri və türkmən adlanan yarım köçəri tayfa birləşmələrindən ibarət idi. Onların mərkəz vilayətləri Arciş Van gölünün şimalında yerləşib. Bundan əlavə memarlıq-konstruktiv formasına görə, bu abidə Naxçıvanda yerləşən Möminə-xatın və Yusif bin Kəbir türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr memarlıq məktəbinin davamıdır. Qeyd olunan yerdə bir neçə türbə və azərbaycanlılara məxsus böyük qəbiristanlıq olub və hamısı dağıdılıb (KGPA, t.III, № 1027, s. 66-67).
Zəngəzur. Məscidlər
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscid prixodları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 prixod məscidi, Sürməli uyezdində 47 prixod məscidi, Şərur-Dərələyəz uyezdində 63 prixod məscidi, Novobayəzed uyezdində 14 prixod məscidi, İrəvan uyezdində 54 prixod məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər prixodun mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Zəngəzur. Yer adları
Ermənilərin vandalizm siyasətinin başqa bir istiqaməti bölgənin tarixi türk torpaqları olduğunu təsdiqləyən yer adlarının kütləvi şəkildə dəyişdirilməsi olub. İndiki Ermənistan ərazisində bütün toponimlər erməniləşdirilib. Adını çəkdiyimiz Urud-Oront, Cəfərabad-Arqavanq, Zeyvə-Metsamor və s. adlandırılıb. Bu azərbaycanlıların bu torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədini güdür. Zəngəzurun Pir Davudan kəndində XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun məqbərəsi, Qara Vəli kəndində isə 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb. apa