Marketing Воскресенье, 22.12.2024, 09:50
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

İctimai inkişafda təkamül və inqilab (ardı)
[ ] 20.02.2009, 10:22

Xalq mədəni dəyərlərini nəinki təkcə yaradır, həm də qoruyub saxlayır və gələcək nəsillərə ötürür. Xalq həm də mənəvi əxlaqi dəyərlərin, birgəyaşayış normalarının tükənməz xəzinəsidir. Məsələn, Azərbaycan xalqının mentalitetini ifadə edən cəhətlər (ədalət hissi, böyüyə hörmət, qadına hörmət, qonaqpərvərlik, halallıq və sair) onun ayrı-ayrı nümayəndələri tərəfindən yaradılmamışdır. Onlar bütövlükdə xalqın xarakterini ifadə edən mənəvi keyfiyyətlərdir.

Qeyd olunmalıdır ki, xalq birdən-birə yetişmir. Onun formalaşması və inkişafı bir neçə pillədən keçir. Belə mərhələlərdən birini onun kütlə “qara camaat” vəziyyəti təşkil edir. Son vaxtlarda xalqı izah edərkən kütlə anlayışına da diqqət yetirilməkdədir. Nəzərdə tutulmalıdır ki, bu anlayış geniş və dar mənada işlənilə bilir. Birinci halda kütlə, camaat dedikdə xalqın formalaşmasına qədər mövcüd olan sosial-psixoloji səviyyəsi, yaxud da xalqın tənəzzülünü ifadə edən vəziyyət başa düşülür. Sözün məhdud, dar mənasında götürdükdə, “qara camaat” bir-biri ilə üz-üzə duran və birbaşa təmasda olan insanlar çoxluğu deməkdir. İkinci mənada bu anlayış insanların sabit sosial və ya etniki birliyini ifadə etmir. Maraqlıdır ki, ilk dövrlərdə “camaat” anlayışının bu iki mənası bir-birindən o qədər də fərqləndirilməmişdir. Məsələn, Platonun təsəvvür etdiyi ideal dövlətdə 5000 adamın olması nəzərdə tutulurdu. Onlar bir-birini tanıyır və oxlokratiya (camaat hakimiyyəti) yaradırdı. Platona görə o, ən yaxşı dövlət idarəçiliyi idi. Sonralar cəmiyyətin miqyası və əhatə dairəsi genişləndikcə “camaat” və “kütlə” anlayışları bir-birindən ayrıldı.

Psixoloji mövqedən yanaşdıqda camaat öz davranışına ağıllı nəzarətin zəif olması ilə səciyyələnir. Bunun nəticəsində camaatda (kütlədə) ehtirasların emosional-iradi coşğunluğu özünü göstərir. Aydın bilinməyən və qeyri-sabit xarakterli mənafelərə əsaslanması adətən mövcüd ani əhval-ruhiyyə ilə müəyyən olunur. Bu prosesdə liderin, yəni kütlənin əhval-ruhiyyəsini başqalarına nisbətən daha tez və yaxşı hiss edən adamın, təsiri çox güclü olur. Məhz lider kütlənin coşğunluğundan istifadə edərək onu ələ alır və lazım gəldikdə ondan öz məqsədlərinə uyğun istifadə edə bilir. Lider kütlədə öz istədiyinə uyğun əhval-ruhiyyə formalaşdırmağa çalışır.

İctimai fikir tarixində xalq, kütlə haqqında, kütlənin ictimai proseslərdə rolu haqqında Qabriyel Tard və Hüstav Lebonun ideyaları da müəyyən maraq doğurur.

Fransa psixoloqu və antropoloqu olan H. Lebon kütlənin sosial-psixoloji xüsusiyyətlərindən yazaraq, qeyd edirdi ki, fərdlərin kütlə içərisindəki davranışını “kütlənin mənəvi birliyi” qanunu idarə edir, nəticədə onda dözümsüzlük, ehkamçılıq hissi yaranır, məsuliyyət hissi itir. Kütlə-irrasional dağıdıcı qüvvədir; “kütlə erası” yaxınlaşdıqca, sivilizasiya süquta doğru yuvarlanır.

Qeyd olunmalıdır ki, məhdud saylı insanlar qrupu kimi götürülən camaat ilə xalqın sosial-psixoloji vəziyyəti kimi nəzərdə tutulan camaat arasında bir sıra oxşar cəhətlər müşahidə olunur: məsələn, tez qıcıqlanmaq, coşğun enerjini ifadə etmək qabiliyyəti (qısa müddət ərzində olsa da), hərəkətlərin nəticələrini irəlicədən məlum olmaması ilə əlaqədar olan qeyri-sabitlik; mütəhərriklik; tez-tez bir ifrat həddindən və qütbdən digər ifrat həddinə, qütbə yuvarlanmaq və sair. Bəzən ədəbiyyatda camaatı yatmış vəziyyətdə olan süst, dağınıq, kobud kütlə kimi səciyyələndirirlər. Bu keyfiyyətlər camaatın özünün inkişafının müxtəlif pillələrini ifadə edir. Belə ki, süstlük və dağınıqlıq hələ oyanmamış kütləyə xas olan keyfiyyətlərdir. Lakin nəzərdə tutulmalıdır ki, oyanmış kütlənin özü də birdən-birə camaat səviyyəsindən kənara çıxmır.

Bəşəriyyətin tarixi göstərir ki, kütlə son dərəcə dağınıq və qeyri-sabit xarakterə malikdir. Tarixdə elə hallar baş vermişdir ki, kütlə müəyyən bir adamı ölümə məhkum edir. Başqa sözlə deyilsə, kütlə çox kövrək təbiətə malikdir. O həm kölə kimi xidmət etmək, həm də tez bir zamanda dəyişərək hökmranlıq etmək iqtidarındadır.

Kütlənin hərəkətləri çox vaxt kortəbiiliyə əsaslanır. Bunu 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən mitinq hərəkatlarının nümunəsində yəqin etmək olar. Bu hərəkatlarda çox vaxt elə olurdu ki, bu və ya digər şəxs özünü lider kimi göstərməkdə xalqın emosiyalarına arxalanaraq, onu özünün arzu etdiyi istiqamətə yönəldirdi. Kütlədə demək olar ki, həmişə müəyyən sayda psixiki cəhətdən qeyri-sabit, müstəqil təfəkkürə, möhkəm xarakterə malik olmayan adamlar-fanatiklər mövcüd olur ki, onlar çox asanlıqla təsir altına düşürlər. Bu fikrin doğruluğunu yuxarıda adı çəkilən hərəkatlar sübut edir. Onlar həm də göstərdi ki, kütlə stixiyasının coşduğu və böyük axına çevrilərək çoxlu miqdarda insanları əhatə etdiyi hallarda bu hərəkatın qeyri-yetkinliyi və qeyri-mükəmməlliyi aşkara çıxır. Kütlə stixiyası nəticə etibarilə öz məhdudluğu üzündən məğlubiyyətlə nəticələnir. Çünki burada stixiyanı aradan qaldırmaq üçün tələb olunan aydın zəkanın təşəbbüsü demək olar ki, yoxdur. Narazı kütlənin xaosuna cəlb olunan insanların hərəkətləri də çox vaxt stixiyalı, qeyri-sahmanlı xarakter daşıyır. Belə hallarda arzuolunmaz nəticələrin baş verməsi istisna olunmur. İnsanlar yalnız xalq səviyyəsində olarkən müəyyən təşkilat və birliklərə arxalanır, qarşısına aydın məqsədlər qoymaqla hərəkət edirlər.

Kütlənin camaatdan çevrilərək xalq halına düşməsi sivilizasiyalaşma prosesinin ən mühüm nəticələrindən biridir. Bu nöqteyi-nəzərdən yanaşdıqda camaat səviyyəsində olan xalqın səciyyəvi cəhətlərini diqqətlə və dərindən öyrənmək lazımlı işdir. Belə ənənə hələ F. Bekondan irəli gəlir (camaat və meydanla bağlı qalıqlar, idollar məsələsi). Lakin kütlənin (camaatın) xalqa çevrilməsi mexanizmi çox mürəkkəbdir. Təəssüf ki, bu proses hələ də tam elmi təhlil edilməmişdir. Bu prosesin öyrənilməsində marksizmin müəyyən xidməti olmuşdur. Bunu danmaq ədalətsizlik olardı. Lakin həmin məsələ bu günə qədər də özünün hərtərəfli elmi həllini tapmamışdır.

Tarixdə xalq kütlələrinin, onu təşkil edən sosial qrup, sinif və etnosların həlledici rolunun qəbul edilməsi heç də bu prosesdə şəxsiyyətin əhəmiyyətini heçə endirmir. Bir halda ki, tarixi insanlar yaradır, deməli burada hər bir fərd müəyyən rol oynayır. Həm də söhbət təkcə xüsusi seçilən görkəmli şəxsiyyətlərdən deyil, cəmiyyətdə fəal həyat mövqeyi tutan hər bir normal fərddən gedir. Yəni öz əməyi və fəaliyyəti ilə ictimai həyatın bu və ya digər sferasına və onun vasitəsilə bütünlükdə tarixi prosesə müəyyən töhfə verən insan nəzərdə tutulur.

Tarixdə şəxsiyyətin rolu probleminə bir çox filosoflar öz münasibətini bildirmişlər. Lakin burada fikir müxtəlifliyi vardır:

1)    Bəziləri hesab edir ki, şəxsiyyət tarixi inkişafın vacib və müstəqil amilidir, şəxsiyyət tarixi prosesin çıxış nöqtəsi, məqsədi və hərəkətverici qüvvəsidir. Tarix şəxsiyyət üçündür, şəxsiyyət tarixin daşıyıcısıdır. Təbii və ictimai mühit tarixdə fəaliyyət göstərən şəxsiyyət üçün ya vasitə, ya da zəruri nemətlərin mənbəyidir. Şəxsiyyətin fəaliyyətinə uyğun olan tarixi şərait həmin şəxsiyyət tərəfindən subyektivcəsinə qiymətləndirilir, şəxsiyyət tarixə öz tələbatları, marağı və idealları prizmasından baxır.

2)    Hegeldən başlanan və iqtisadi materializm (Marks) ilə tamamlanan yanaşma. Marks, Viko ilə birlikdə tarixi şəxsiyyətin yaratdığını göstərməsinə baxmayaraq, “18-ci Brümer” əsərində o, yazırdı ki, “İnsanlar öz tarixini yaradırlar, lakin bunu, həm indi mövcüd olan, həm də keçmişdən miras qalan müəyyən şəraitdə edirlər; bu şəraiti heç kəs sərbəst seçə bilməz”.

        Çox vaxt marksistlər bu müddəanın birinci hissəsindən imtina edirlər. Tarixin başlıca amilinin iqtisadi amil olduğunu qəbul edərək, şəxsiyyəti də bu amilin icraçısı hesab edirlər. Beləliklə də, tarixi hərəkatın hər bir faktının izahında istehsal şəraitinin başlıca rol oynadığını göstərirlər, insanın rolunu isə heçə endirib, çox vaxt insan amilini cəmiyyətin inkişafının müqəddəm şərti kimi qeyd etməklə kifayətlənirlər.

       Məlumdur ki, şəxsiyyətin cəmiyyətə və tarixə təsiri sabit deyil, çünki şəxsiyyət, daim inkişafda olan, dəyişilən qüvvələrin sistemidir. Buraya irqi, milli, psixoloji, psixi xüsusiyyətlər, iqlim və sair daxildir. İqtisadi həyatın təşkilinin özü, bir sıra faktorların təsiri altında inkişaf edir. Məsələn, Marks qeyd edirdi ki, kapitalizm yalnız mülayım iqlimdə (tropik şəraitdə-yox) yarana bilərdi.

       Marksın və Engelsin təliminin üstünlüyü (müxtəlif abstrakt-ideoloji və idealist tarixi-fəlsəfi nəzəriyyələrə nisbətdə) ondan ibarətdir ki, burada real tarixi faktlar istifadə edilir, hərçənd bəzən onların yozulmasında subyektivliyə yol verilirdi.

3)    Üçüncü mövqe: şəxsiyyət tarixi inkişafın həm səbəbi, həm də məhsuludur. Bokl  “Sivilizasiya tarixi” əsərində qeyd edir ki, görkəmli şəxsiyyətlər, zahirən və öz şüuruna görə nə qədər azad hesab edilsə də, tarixi şəraitdən asılı vəziyyətdə olurlar. Şəxsiyyət tarixin həm obyekti, həm də subyektidir. Bu nöqteyi-nəzərin də məhdud cəhətləri vardır: o həddən artıq ümumi xarakter daşıyır. Odur ki, bu məsələ metodoloji əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyətin konkret təsirinin forma və istiqamətlərini öyrənmək zəruridir.

Qeyd olunmalıdır ki, şəxsiyyət tarixi prosesdə fəal və şüurlu şəkildə iştirak etdiyi halda, tarixi və ictimai-iqtisadi mühit passiv rol oynayır. Tarixi prosesin ünsürünə çevrilmək üçün şəxsiyyət konkret fəaliyyət göstərməlidir. Obyektiv şərait (tarixi mühit) şəxsiyyətin fəaliyyətində həm stimul, həm də əngəl rolunu oynaya bilir. Mövcüd mübarizə, konfliktlər tərəqqinin inkişafına təkan verir. Bu prosesdə fərdin, sosial qrupların fəaliyyətinin nəticələri reallaşaraq, obyektiv qüvvəyə çevrilir. Qeyd olunan vəziyyət ayrı-ayrı fərdlərin fəaliyyət və meyllərindən asılı olmur, tarixi zərurət şəklini alır.

Tarix inkişaf etdikcə, şəxsiyyətin şüurlu fəaliyyətinin əhəmiyyəti də artır. Bu prosesdə insanın təbiətə münasibəti də ciddi surətdə dəyişir. Belə ki, insan sadə, təbii məhsullardan daha az istehlak edir. Onun məqsədyönlü, şüurlu fəaliyyətinin miqyası genişlənir və rolu artır. İnsan yeni məkanlar fəth edir, əmək məhsuldarlığını artırır, təbiəti öz məqsədlərinə xidmət etməyə vadar edir. İnsan ağlının inkişafının ən parlaq nümunəsi iqtisadi sahədə özünü göstərir. Məhz bu sahə şüurlu şəxsiyyətin tarixdə mühüm rolunu əyani şəkildə təsdiqləyir. Unutmaq olmaz ki, şəxsiyyət cəmiyyətdə ayrı-ayrı adamlar, sosial qrup, institutlar, ideoloji cərəyanların təsiri altında formalaşır və fəaliyyət göstərir.

Şəxsiyyətin özünü də bir fərd, süurlu varlıq və ya görkəmli şəxsiyyət kimi fərqləndirib öyrənmək tələb olunur. Tarixi həm “görkəmli şəxsiyyətlər tarixi” kimi (Karleyl), həm də şüursuz istehsal üsulun dəyişilməsi nəticəsində hərəkətə gələn bir proses kimi (Engels) qiymətləndirmək olar.

Tarix inkişaf etdikcə də şəxsiyyət və kütlənin (xalqın) nisbəti dəyişir. Mühitin mədəniyyəti, ümumi inkişaf səviyyəsi artdıqca, xalq və yaxud kütlə özünə qəhrəman, lider seçdikdə müstəqil, şüurlu şəkildə düşünür, götür-qoy edir. Bu zaman qəhrəman-şəxsiyyətlərin rolu azalır, tənqidi şəkildə düşünənlərin rolu isə artır.

İngilis və fransız fəlsəfəsində insan tarixin fəal subyekti kimi qiymətləndirilirdi (Hobbs, Lokk, Lamerti, Helvetsi və başqaları).

Türqo, Kondorse və Sen-Simon ilə yanaşı, Kant da tarixi məktəbin banisi sayılır. O ictimai həyatın inkişafında tərəqqinin yolunu altruizmin eqoizm üzərində qələbəsində görürdü. Onun fikrincə, fərdi azadlıq xalqların mədəni muxtariyyət şəraitində, ictimai vəzifələrin yerinə yetirilməsi zamanı mümkündür.

F. Hegel tarixin möhtəşəm hadisələrini ayrı-ayrı şəxsiyyətlərin cılız istəkləri, meylləri və ehtirasları, onların təsadüfi əməlləri ilə izahına qarşı qəti şəkildə çıxış edirdi. İnsan fəaliyyəti obyektiv qanunauyğunluqların inkişafı ilə bağlıdır (“dünya ağılının hiyləgərliyi”). Hegel bəzi xalqların (o cümlədən alman) tarixdə fövgəl rolunu qeyd etmişdi, “ümumdünya tarixi Şərqdən Qərbə doğru irəliləyir, çünki, şübhəsiz, Avropa ümumdünya tarixinin yekunu olduğu kimi, Asiya onun başlanğıcıdır”.

Hegel həm də qeyd edirdi ki, tarixi prosesin qanunauyğunluğu fərdlərin maraqları və hərəkətlərindən əmələ gəlir. Bu maraqların və mənafelərin mübarizəsi tarixdə ümumdünya ruhunun reallaşmasının ifadəsidir. Ümumdünya tarixinin inkişafı-fərdi və ümuminin inkişafı dialektikası, azadlığın dərk olunması yolunda olan tərəqqi prosesidir.

Fridrix Nitsşe kütlə və şəxsiyyət haqqında maraqlı fikirlər söyləmişdir. Ona görə həyatda iki əxlaq var-qulların əxlaqı və quldarların əxlaqı. Qullar aşağı irq, həyatın iflic vəziyyətinə düşmüş, tənəzzülə uğrayan ifadə formasıdır. Yalana o zaman “icazə verilir” ki, o, hakimiyyətə qulluq edir. “Həqiqət-elə bir yanılma növüdür ki, onsuz canlı məxluqların müəyyən növü yaşaya bilmir”. Yaşamaq uğrundakı mübarizədə yalnız çevik, özünə həyati ərazidə vaxtında yer tapan, bu ərazini sadələşdirən, kobudlaşdıran canlı varlıqlar qalib gələ bilər.

Həyat hadisələrin vaxtaşırı təkrarlanmasına və fasiləsizliyinə əsaslanır. Həyat nə qədər qüdrətli olsa, düşünən və qiymətləndirən mövcüd aləm də bir o qədər geniş olmalıdır. Burada köməkçi vasitələr-rasionallaşma, məntiqilik və sistemləşdirmədir. Həyat prosesində idrak-yalnız köməkçi bir  vasitədir: o, həqiqi, obyektiv bilikləri yaratmır. Yalnız həyatın inkşafına səbəb olan, faydalı olan tərəflərə təkan verir (birinci növbədə hakimiyyəti gücləndirir).

Hakimiyyət instinkti-hakim sinfinin mənəvi davranışının vacib tərkib hissəsidir. Onların ömürləri belə hakimiyyətə iradi tabe olmaqdan ibarətdir. Hakimiyyət instinktinin formaları-cinsi və özünüqoruma instinktləridir. Cəmiyyət haqqındakı təlimini də Nitsşe bu ideya ilə əsaslandırır. Burada söhbət “torpağın hökmdarlarından” və qullar hərəkatlarından gedir. Ali təbəqə-“sağlam, günü-gündən yaxşılaşan, qəlblərində daim hakimiyyətə doğru iradəsi olan adamlardan ibarətdir. Bu insan növü qəddar, həris (hakimiyyət hərisliyi) özünə qarşı tələbkar, cəngavərdir, bütpərəstlik xüsusiyyətinə malikdir. Buraya sənətkarlar, alimlər daxildir; hakimiyyətdə olan insanları hökmranlığa məhz onlar hazırlayır”. “Torpaq hökmdarları” daha yüksək irqin nümayəndələridir; bunlar daha çox ari-almanlarda (daha dəqiq desək-Prusiyadakı hərbi zadəganlar nəslində) təsadüf edir.

Nitsşe bütün yer üzündə “hökmdar-insan”ların hakimiyyətinin olmasını tələb edir; belə adamlar, böyük, ən ali mədəni xalqların nümayəndələri olaraq, “qardaş”dırlar, planetdə bunlar yeni ümumdünya qayda-qanunların daşıyıcıları olmalıdırlar. Onlar yeni, daha zəngin və parlaq mədəniyyətin əsasını yaratmalı, rasional elmə, pozitivizmə, düşünmənin liberal və sosialist-humanist tərzinə, demokratiyaya son qoymalıdırlar və s. Bu adamlardan fəvqəlinsan (min ildən bir) dünyaya gəlir. Sezar, Çezar, Borca, Napoleon və başqaları-fəaliyyətin dahiləridir. Onlar özündə hökmdar və mütəfəkkir keyfiyyətlərini birləşdirirlər.

Nitsşenin fövqəlinsanı-kosmopolitdir. Əslində bu fikir-iri burjuaziyanın son həddə çatdırılmış fərdiyyətçiliyinin ifadəsidir.

Nitsşe bu yolla Şopenhauerin pessimizmini aradan qaldırmaq istəyir. O başa düşür ki, həyatda əzabkeşliyin həm tarixi, həm də həyati kökləri olur. O “Əbədi qayıdış” haqqındakı təlimində yazırdı ki, dünya sadə, sonu olan, enerjili kombinasiyalardan ibarətdir. Əbədi şəkildə fasiləsizlik təkrarlandıqca, dünya enerjiləri arasında yeni-yeni quraşdırmalar əmələ gəlir, nəticədə eyni hadisələr təkrarlanır. Tarixdə hakimiyyətə iradə (şəxsiyyətdə ifadə olunma şərti ilə) onun məqsədi və mənasına çevrilməli idi, lakin əbədi qayıtma, qayıdış bu prosesi heçə endirir (cüziləşdirir). Onu özünəməxsusluqdan məhrum edir.

Onun fikrincə, qullar hərəkatı, xristianlıq, demokratiya, sosializm-bütün bu hadisələr əslində aşağı təbəqəyə məxsus olan, əslini itirmiş adamların hakimiyyətə olan iradəsinin ifadəsidir. Onlar paxıldırlar, hökmdarların baxışlarını pozurlar (Məs., xristianlıq, qullar hərəkatı qədim yunan mədəniyyətini dağıtdı; xristianlıq-qul əxlaqının üsyanıdır; demokratiya-Fransa inqilabı zamanı dvoryanların həyat tərzini, yaşayışının əsaslarını, köklərini qırdı, demokratiya sürü mərdliyinin, şücaətinin ifadə olunmasına səbəb olur).

M. Veber özünün siyasət haqqındakı tədqiqatında müxtəlif tipli liderlərdən yazır; dövlətin, cəmiyyətin legitim idarəolunması aşağıdakıları əhatə edir: 1) ənənəvi hökmranlıq (patriarx və digər ağsaqqallar tərəfindən həyata keçirilir); 2) Fövqəlqabiliyyətə (xarizma) malik olan şəxsiyyətlərin hökmranlığı (peyğəmbərlər, siyasətdə-seçki yolu ilə hakimiyyətə gəlib çıxan sərkərdə, hökmran, qabiliyyətli demaqoq və yaxud siyasi partiya lideri); 3) nəhayət, rasional qaydalar əsasında, dövlətin qanuni vəzifəsini tutan, işgüzar qabiliyyətlərə malik olan şəxsiyyətlərin hökmranlığı.

Xalis şəkildə belə tiplərlə rastlaşmaq əslində mümkün deyil. Veber qeyd edir ki, Qərb üçün daha çox xas olan siyasi liderlik tarixdə gah azad natiq-“demaqoq” timsalında, gah da parlament şəraitində yetişmiş partiya rəhbəri timsalında meydana çıxır. Tədricən idarəetmə, o cümlədən dövlət səviyyəsində, mənəvi əmək formasına çevrilərək, yüksək ixtisaslı, peşəkar mütəxəssislərin fəaliyyət sahəsi rolunu oynayır. Veber burada mütəxəssis –məmurları və “siyasi” məmurları fərqləndirir (hakimiyyət dəyişəndə sonuncular da dəyişməlidirlər).

Beləliklə, tarixin hərəkətverici qüvvələrini filosoflar “mütləq “Məm”də” (M. Ştirner), “böyük şəxsiyyətlərdə” (T. Karleyl), “fövqəlinsanda” (F. Nisşe), “yaradıcı elitada” (V. Pareto, Q. Moska), “texnokratik elitada” (C. Bernhem, Q. Lassuel), “görkəmli şəxsiyyətlərdə” (müasir nəzəriyyələr) görürlər. Ümumiyyətlə, tarixdə şəxsiyyətin rolunu inkar etmək olmaz. Konkret tarixi şəraitdə, partiyalar, siniflər, sosial qrupların qarşılıqlı fəaliyyəti zamanı ayri-ayri görkəmli şəxsiyyətlərin fəaliyyəti də tarixi inkişafa mühüm təsir göstərir.

G. Plexanov göstərirdi ki, görkəmli şəxsiyyətin cəmiyyətin ictimai-siyasi, elmi-texniki və bədii inkişafına böyük təsir göstərməsi iki şərtlə əlaqəlidir. Birincisi, istedaddır. Həmin adamın istedadı sayəsində dövrün ictimai tələbatlarına başqalarına nisbətən daha çox yaxın olur. Bu mənada qəhrəman o demək deyildir ki, o hadisələrin təbii gedişini dayandırır və ya dəyişdirir. Əksinə o deməkdir ki, həmin qəhrəmanın fəaliyyəti hadisələrin bu zəruri və qeyri-süuri gedişini şüurlu və azad surətdə ifadə edir. Bu şərtlə əlaqədar onu demək lazımdır ki, hər bir cəmiyyətdə bir neçə görkəmli şəxsiyyət mövcüd olur. Lakin onlardan yalnız biri ön plana çıxır və başqalarını kölgədə qoyaraq görkəmli olur. Bu prosesdə təkcə zərurət deyil, təsadüfi amillər də əhəmiyyətli rol oynayır. Belə hallarda həmin şəxsiyyətin arxasında müəyyən sosial qruplar və təbəqələr dayanır. İkinci şərt budur ki, mövcüd ictimai quruluş şəxsiyyətə öz qabiliyyətlərini reallaşdırmaqla maneçilik törətməməlidir.

Tarix insanlar tərəfindən obyektiv qanunlar üzrə yaradılır. Xalq böyük miqyasda parçalanmış çoxluqdur. Onun gücü, enerjisi və varlığı vahid rəhbərliyin olmasını tələb edir. Bu rəhbərliyi isə görkəmli şəxsiyyət həyata keçirir. Quraq torpağın yağışa ehtiyacı olduğu kimi, xalqın da ağıllı rəhbərə ehtiyacı vardır. Platon göstərdi ki, dünya yalnız müdriklərin çar olacağı və ya hökmdarların müdrikləşəcəyi dövrdə xoşbəxt olacaqdır.

Bəşəriyyətin tarixi boyu sonsuz sayda hadisələr baş vermişdir. Onlar müxtəlif mənəviyyata və zəkaya malik şəxsiyyətlərin (dahi və ya küt istedadlı və ya orta səviyyəli, iradəli və ya iradəsiz, mütərəqqi və ya mürtəcə) rəhbərliyi altında həyata keçirilmişdir. Şəxsiyyət təsadüf və ya zərurət üzündə dövlət başına, orduya, xalq hərəkatına, siyasi partiyaya rəhbərliyə keçdikdən sonra tarixi hadisələrin gedişinə çox müxtəlif istiqamətlərdə (müsbət və ya mənfi) təsir göstərir. Buna görə də siyasi, dövlət hakimiyyətinin və ümumiyyətlə, inzibati hakimiyyətin kimin əlində olmasının cəmiyyət üçün böyük əhəmiyyəti vardır. Şəxsiyyətin rəhbərliyə keçməsi həm cəmiyyətin və həm də həmin adamın özünün şəxsi keyfiyyətləri ilə şərtlənir.

Görkəmli şəxsiyyətlərə qiymət verərkən tarixin onun qarşısına qoyduğu vəzifələri necə yerinə yetirməsi əsas götürülməlidir. Mütərəqqi şəxsiyyət hadisələrin gedişinə sürətləndirici təsir göstərir. Bu sürətin dərəcəsi həmin şəxsiyyətn fəaliyyət göstərdiyi ictimai şəraitin xarakteri ilə müəyyən olunur.

Müəyyən ölkələrdə konkret andan məhz bu adamın yetişməsi də xalis təsadüf xarakter daşıyır. Əgər həmin adam bu və ya digər vasitə ilə kənarlaşdırılsa, onu əvəz edən şəxsə ehtiyac yaranır və belə şəxs tapılır. Əlbəttə məsələni belə təsəvvür etmək olmaz ki, sosial tələbat özü-özlüyündə tezliklə dahi siyasətçi və ya sərkərdə yaratmağa qadirdir. Real həyatda belə şəxsin yetişməsi xeyli dərəcədə mürəkkəb xarakter daşıyır. Çox vaxt elə olur ki, tarixi şərait özündən dahi şəxs deyil, müəyyən qabiliyyətə malik  adam (bəzən isə lap orta səviyyəli adam) görkəmli şəxsiyyət rolunu oynamalı olur. Müdriklərdən birinin dediyi kimi, yüksək vəzifəyə sahib olmaq böyük adamları daha ədalətli edir. Aşağı səviyyəli adamlar böyük vəzifə tutduqda isə daha da alçalırlar.

Tarixi fəaliyyət prosesində şəxsiyyətin həm güclü, həm də zəif cəhətləri çox tezliklə və aydın şəkildə üzrə çıxır. Hər iki tərəf (güclü və zəif) müvafiq surətdə millətin, xaldın və ümumilikdə bəşəriyyətin taleyinə əhəmiyyətli təsir göstərir. Məsələn, deyək ki, müharibə vəziyyətində olan ölkənin rəhbəri özünün həssaslığı, təşkilatçılıq qabiliyyəti, operativliyi sayəsində vətəndaşları artıq qurbanlar verməkdən xilas edir. Yaxud da əksinə, o səhvlərə yol verirsə, onda itkilərin sayı çoxalar və hətta məğlubiyyət baş verə bilir. Bu münasibətdə Hegelin aşağıdakı fikri çöx səciyyəvidir: “Siyasi tənəzzülə doğru sürətlə yaxınlaşmaqda olan xalqın taleyini, yalnız dahi xilas edə bilər”.

Görkəmli şəxsiyyətlər öz ağlı, biliyi və təcrübəsi sayəsində müəyyən qisim hadisələri və onların nəticələrini dəyişdirə bilir. Lakin onlar da hadisələrin ümumi axarını başqa istiqamətə yönəltməyə qadir deyillər. Heç bir şəxsiyyət tarixin təkərini geriyə dəyişə bilməz.

Görkəmli şəxsiyyətlər dedikdə təkcə dövlət xadimləri nəzərdə tutulmur. Buraya həm də elmdə, incəsənətdə, ədəbiyyatda və sair sahələrdə böyük nümunələr yaradan insanlar daxildir. N. Gəncəvi, Kopernik, Füzuli, Nyuton, Eynşteyn, S. Vurğun və başqaları bu qəbildəndir. Onlar tarixi inkişaf prosesinə mühüm töhfə vermiş, dünya mədəniyətinin tərəqqisində dərin iz buraxmışlar.

İnsan şəxsiyyətinin böyüklüyü onun gördüyü işin miqyası ilə ölçülür. Böyüklük həm insanın anadangəlmə təbii imkanları, həm də onun şəxsi keyfiyyətləri və tarixi şəraiti ilə müəyyən olunur. Xüsusən də mənəvi yaradıcılıq sahələrində şəxsi keyfiyyətlər, istedad və dahilik daha böyük rol oynayır. Dahi o adama deyilr ki, böyük idialları, qüdrətli ağlı, aydın təfəkkürü, möhkəm iradəsi, öz məqsədlərindən dönməzlik kimi şəxsi keyfiyyətləri vardır. O cəmiyyəti yeni kəşflər, ixtiralar, yeni elmi və bədii istiqamətlər, məktəblər yaratmaqla zənginləşdirir. Volter belə adamların böyük rol oynadığını göstərərək yazırdı ki, dövləti pulun azlığı deyil, insanların və onların qabiliyyətlərinin çatışmazlığı zəiflədir.

Beləliklə, tarixi inkişafda ayrı-ayrı şəxsiyyətlərin və kütlənin (xalqın) rolu fəlsəfədə bir mənalı qiymətləndirilmir. Mühasir dövrdə, siyasətdə, iqtisadiyyatda, cəmiyyətin digər fəaliyyət sahələrində, idatəetmə proseslərində iştirak etməklə, güclü qruplar (elitalar), liderlər (aparıcı şəxsiyyətlər) formalaşır, artıq simasız, formasız, kütlə halındakı “qara camaat” yox, müxtəlif qrup və təbəgələrdə fəal iştirak etməklə tarixdə özünə məxsus iz qoyan şəxsiyyətlər müxtəlf səviyyələrdə, şüurlu şəkildə cəmiyyəti idarə edir. İnsan amili-tarixin başlıca hərəkətverici qüvvəsidir.

 

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2195 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 4.0/1 |
Всего комментариев: 1
07.03.2024
1. Gspxnl () [Материал]
order atorvastatin online cheap <a href="https://lipiws.top/">order generic lipitor 80mg</a> lipitor 10mg canada

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024