Cümhuriyyət quranlar - Azərbaycan tarixi - Kitablar - Kitabxana - Marketing
Marketing Четверг, 08.12.2016, 12:47
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Kitablar » Azərbaycan tarixi

Cümhuriyyət quranlar
[ ] 17.10.2008, 18:07
         
            Cümhuriyyət quranlar: Azərbaycanın ilk baş naziri - Fətəli xan Xoyski 


Azərbaycanda ilk demokratik dövlət quruculuğu prosesində və dövlət idarəçiliyi strukturlarının formalaşmasında Fətəli xan Xoyskinin böyük xidmətləri vardır. Azərbaycanın istiqlalı idealına sadiq olan bu görkəmli şəxsiyyət bütün həyatını müstəqilliyimizin qorunmasına həsr etdi və bu yolda da şəhid oldu. 

Fətəli xan Xoyski 1875-ci ilin dekabrın 7-də Şəkidə anadan olmuşdur. 

Fətəli xan ilk təhsilini Gəncə klassik gimnaziyasında almış, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. 

Moskvada təhsilini başa vurduqdan sonra Fətəli xan Gəncədə, Suxumda, Batum və Kutaisidə dairə məhkəmələrində çalışmışdır. O, eyni zamanda Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına nümayəndə seçilmişdi. Bəzi mənbələrdə Fətəli xanın Rusiyadakı Kadet partiyası ilə yaxınlığı və bu təşkilatın rəsmi üzvü olması da qeyd olunur. Lakin o, Dumada "Müsəlman deputatları" fraksiyasına daxil idi. 

1917-ci ildə aprelin 15-20 -də Bakıda Qafqaz Müsəlmanlarının Qurultayı keçirildi və çox əhəmiyyətli qərarlar qəbul edən bu toplantıda F.Xoyski də iştirak etmişdi. O, da "Ərazi muxtariyyəti" ideyasının qızğın müdafiəçilərindən idi. 

F.Xoyski 1918-ci ildə yaradılan Zaqafqaziya Seyminin üzvü, və Zaqafqaziya Federativ Respublikasının ilk ədliyyə naziri olmuşdur. 

1918-ci ilin mayın 28-də Azərbaycan istiqlalı elan edildi və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 

Azərbaycan Milli Şurasının 1918-ci ilin 28 mayında istiqlal elanı ilə bağlı qərarını mayın 30-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri olaraq Fətəli xan Xoyski teleqrafla bütün millətlərin hökumətlərinə xəbər vermişdi. Məlumat bu məzmunda idi: "İstanbul, Berlin, Vyana, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Polşa, Moskva, Stokholm, Kiyev, Kopenhagen - xarici işlər naziri həzrətlərinə: Cənubi Qafqaz Cümhuriyyəti Fedarasiyasının ləğvi və Gürcüstanın federasiyadan çıxması üzrə Azərbaycan Milli Şurası, Cənubi və Şərqi Cənubi Qafqazdan ibarət olan Azərbaycanın istiqlalını elan və Azərbaycan Cümhuriyyətini təsis etmişdir. Bu xüsusda zati-alilərini xəbərdar etmək hökumətinizə yetirmənizi xahiş edirəm. Hökumətimizin müvəqqəti mərkəzi Gəncə şəhəridir. İmza etdi: Azərbaycan Cümhuriyyətinin nazirlər Şurası sədri Fətəli xan Xoyski". 

Fətəli xan Xoyskinin tarixi bir şəxsiyyət kimi böyüklüyü həm də onunla müəyyənləşir ki, o, bütün türkdilli xalqlar arasında və eləcə də müsəlman dünyasında ilk demokratik dövlət idarəçiliyinin əsasını qoymuşdur. 

F.Xoyski Azərbaycan Cümhuriyyətinin Gəncədəki fəaliyyəti dövründə, istiqlalımız üçün çox ağır məqamlar yarandığı bir dövrdə "İlhaqçı"ların müəyyən təsirində olsa da, hər vasitədə Nuru Paşa ilə anlaşmağa üstünlük verirdi. Bunun nəticəsi idi ki, Milli Şura buraxılmaq məcburiyyətində qalanda və M.Ə.Rəsulzadə Azərbaycan istiqlalının qorunması üçün bu addımı atanda, o, Nuru paşanın istəyi üzrə ikinci hökumət kabinəsini formalaşdırmağa hazırlıq verdi. Onun başçılıq etdiyi ikinci hökumət kabinəsi dövründə Azərbaycan üçün çox önəmli qərarlar qəbul edildi. Həmin qərarlardan: 1) 1918-ci il, 27 iyun. Türk dilini Dövlət dili kimi qəbul etmək; 2) 1918-ci il, 12 iyul. Bakı vaxtını Azərbaycanın bütün hüdudlarında saat vaxtı kimi qəbul etmək; 3) 1918-ci il, 22 avqust. Xarici pasportların verilməsi səlahiyyətinin qubernatorlara tapşırmaq; 4) 1918-ci il, 26 avqust. Ağdaş qəzasını şəhər adlandırmaq; 5) 1918-ci il, 9 sentyabr Azərbaycanın milli bayrağını yaşıl, qırmızı və mavi rəngli ağ aypara və səkkiz guşəli ulduz təsviri olan bayraq kimi qəbul etmək; 6) Mətbuat üzərində sezuranı götürmək; 

Fətəli xan Xoyskinin istiqlal tariximizdəki apardığı ən şərəfli mücadilələrdən biri Bakının azad edilməsi uğrunda çalışmaları idi. Fətəli xan həm həm Nuru Paşa ilə münasibətlər qurur, həm də Türkiyə dövləti ilə mütəmadi danışıqların aparılmasına üstünlük verirdi. O, bilirdi ki, ən başlıca problem Bakının qurtuluşudur. Bu münasibətlə Türkiyəyə göndərilən Azərbaycan nümayəndə heyətinə, səlahiyyətli nümayəndəliyin sədri M.Ə.Rəsulzadəyə yazırdı: "Çox hörmətli Məhəmməd Əmin! Əlimərdan bəy vasitəsi ilə 50 min manat göndərirəm... 

Hər ehtimala qarşı gürcülərdən və ermənilərdən çox sərf etmək lazımdır. Bakı məsələsi hələ qurtarmayıb. Əlimərdan bəy Sizə ətraflı məlumat verər... Ən başlıcası birdəfəlik Türkiyə ilə qarşılıqlı münasibətləri aydınlaşdırmaq lazımdır. Hamıya salam, əllərinizi sıxıram. Sizin F.Xoyski". 

M.Ə.Rəsulzadə isə F.Xoyskiyə göndərdiyiı məktubda yazırdı: "...Konfrans deyəsən sona yaxınlaşır, nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır". 

1918-ci ilin sentyabr ayının 14-dən 15-nə keçən gecə Türk qoşunları sürətli hücumla Bakıya girdilər. Bakı uğrunda qanlı savaş getdi. Bakıda Nuru Paşa olmaqla Türk əsgərləri böyük qəhrəmanlıqlar göstərdi. Bakı düşmənlərdən azad edildi. Sentyabrın 15-i günü Qafqaz Müsəlman ordusunun komandanı general-leytenant Nuru Paşa Gəncəyə - Baş nazir F.Xoyskiyə belə məzmunda teleqram göndərdi: "Allahın köməyi ilə Bakı şəhəri 15 (9) - də saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı. Qafqaz Müsəlman Ordusunun komandanı - general-leytenant Nuri". 

Nuru Paşanın bu xoş xəbəri bütün insanları - o, sıradan baş nazir F.Xoyskini hədsiz sevindirmişdi. O, Nuru Paşaya göndərdiyi təcili cavab teleqramında Azərbaycan xalqının və hökumətinin adından minnətdarlığını belə bildirmişdi: "Qafqaz Müsəlman ordusunun komandanı Nuru Paşaya! Xoşbəxtəm ki, xalqın adından Siz əlahəzrətlərinə, xeyirxah Türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən cəsur əsgərlərə təşəkkürümüzü çatdırıram. Nazirlər Şurasının sədri Fətəli xan". 

Bakının azad edilməsindən sonra 1918-ci ilin oktyabrın 30-da imzalanan Mudros müqaviləsi Azərbaycanın da qarşısında ağır şərtlər qoyurdu. 

Oktyabrın 30-da lemnod adasının Mudros limanında ingilislərin "Aqamemnon gəmisində imzalanan sülhə əsasən Bakı, Batum və digər yerlər müttəfiqlərin nəzarəti altına keçirdi. 

Türk qoşunlarının Bakını tərk etməsindən sonra, şəhərə gələn ingilis qoşunları rəhbərliyi ilə, xüsusən general Tomsonla çox çətin danışıqlar başladı. Tomson Azərbaycan istiqlalını tanımaqdan danışmaq belə istəmirdi və deyirdi: "Bizim bildiyimiz Azərbaycan xalqının doğma bir Cümhuriyyəti yoxdur, yalnız Türk komandanlığının intiqrası ilə təşəkkül etmiş, bir hökumət var". Lakin başda F.Xoyski olmaqla, digər siyasi xadimlərimiz də Tomsonu Azərbaycanın müstəqil bir dövlət olaraq yaşamağına inandırdılar. Bu "inandırma" da F.Xoyskinin böyük rolu oldu. Elə bunun nəticəsi idi ki, Tomson 1918-ci ilin dekabrın 29-da belə məzmunda bəyanat verdi: "Xoyskinin rəhbərliyi altında koalisyon (müttəfiq) Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb elan edirəm ki, İttifaq komandanlığı bu hökumət Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə edəcək". 

F.Xoyski Azərbaycanda siyasi partiyaların azad və sərbəst fəaliyyətlərində çox maraqlı idi. Onun 1919-cu ilin dekabrında (2-dən 12-dək) keçirilən Müsavat partiyasının II qurultayındakı iştirakı və çıxışı bu fikri bir daha təsdiqləyir. O, özü bitərəf olsa da, Müsavat partiyasına olan xüsusi marağını belə ifadə edirdi: "Əfəndilər mən bu günə qədər müxtəlif təsəvvürlərə görə heç bir partiyaya daxil olmamışam. Ona görə də mənim üçün hər bir partiyanı ayrıca kənardan izləmək asan olub. Bildirməyə borcluyam ki, "Müsavat" partiyası müstəqilliyimizin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Bunları inkar etmək haqsızlıq olardı. Belə məhsuldar işin başlıca səbəbi ondandır ki, xalqımız təhlükədə idi və "Müsavat" partiyasının rəhbərləri daima xalqın marağını özününkündən üstün tutmuşdur". 

Fətəli xan Xoyski bütün fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünə xüsusi diqqət yetirirdi. Parlamentdəki çıxışlarında qətiyyətlə bildirirdi: "Biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan keçənlər Azərbaycanın hüquqlarına təcavüz etsinlər". 

1920-ci ilin yanvarında Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması onu çox sevindirmişdi. Bu münasibətlə Azərbaycan parlamentinin 1920-ci ilin yanvarın 20-də keçirilən toplantısındakı çıxışında demişdi: "Özümü artıq dərəcədə xoşbəxt hiss edirəm ki, istiqlaliyyətimizi elan edən zamanda hökumət başında mən idim. Və indi də təsdiqini mən elan edirəm". 

Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da o, vəzifədən istefa verməyə üstünlük verdi. 

F.Xoyski Azərbaycan Xalq Cümhuriyyəti dövründə üç dəfə hökumət kabinəsini formalaşdırmaq etimadını qazanmışdı. Azərbaycan Parlamentində böyük nüfuz sahibi olan F.Xoyski başçılıq etdiyi hökumət kabinəsinə daima bacarıqlı, ağıllı, savadlı, vətənpərvər insanları daxil edirdi. Onun başçılığı ilə hökumət kabinələri aşağıdakı vaxtlarda formalaşdırmışdı: 1) I hökumət kabinəsi - 28 may, 1918-ci ildən 17 iyun 1918-ci ilə qədər. Bu dövrdə hökumət kabinəsində 8 nazir, 1 dövlət müfəttişi olmuşdur. F.Xoyski özü isə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifəsində çalışmışdır; 2) II hökumət kabinəsi - 17 iyun 1918-ci ildən - 7 dekabr 1918-ci ilədək mövcud olmuşdur. Bu dövrdə hökumət kabinəsində 12 nazir fəaliyyət göstərmişdir. F.Xoyski Nazirlər Şurasının sədri və ədliyyə naziri olmuşdur; 3) III hökumət kabinəsi - 26 dekabr 1918-ci ildən 14 mart 1919-ci ilə qədər. Hökumət kabinəsində 14 nazir olmuşdur. F.Xoyski Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifəsində çalışmışdır. 

Sonradan Nəsib bəy Yusifbəylinin formalaşdırdığı II hökumət kabinəsində (ümumi sayca V-ci) (24.12.1919-01.04.1920) F.Xoyski xarici işlər naziri olmuşdur. 

1920-ci ilin yanvarın 2-də Rusiyanın Xarici İşlər naziri Çiçerin Azərbaycan hökumətinə təzyiq formasında bir bəyanat göndərəndə F.Xoyski ölkənin Xarici İşlər naziri kimi bəyanata mənfi cavab vermişdi. Çiçerinin 23 yanvar tarixli ikinci, 20 fevral tarixli üçüncü notasına da F.Xoyski qətiyyətlə etirazını bildirmişdir. O, Sovet Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlərinə qarışması faktı ilə qətiyyən razılaşmırdı. 

1920-ci ilin aprelin 27-də XI ordu hissələri Azərbaycan ərazisini işğal edib Bakı şəhərinə daxil oldu." Fətəli xan Xoyski, M.Ağayev və başqa dostları ilə qonşu Gürcüstana gedib Tiflisdə məskunlaşdılar. 

1920-ci ilin iyunun 19-da iki muzdlu erməni qatili arxadan güllə atıb. F.Xoyskini qətlə yetirdi. Tanınmış dövlət xadimi F.Xoyski Tiflisdə böyük dramaturq M.F.Axundovun qəbri yanında dəfn edildi. 

Bolşeviklər F.Xoyskinin ailəsini də sakit buraxmadılar. Qızı tanınmış bolşevik M.D.Hüseynovla ilə ailə qursa da on il həbs cəzasına məhkum edildi. (Qeyd edim ki, həyat yoldaşı rus millətindən olsa da F.Xoyski onu "Ceyran xanım" çağırırdı). 

Görkəmli dövlət xadimi Xəlil bəy Xasməmmədov İstanbulda nəşr edilən "Azərbaycan Yurd Bilgisi" jurnalının 1933-cü ildəki sayında F.Xoyskini belə dəyərləndirirdi: "Mərhum Fətəli xan həqiqətən təbiətin də ona bəxş etdiyi bir çox müsbət keyfiyyətlərə malik qiymətli şəxslərimizdən biridir. Əslən kübar, fəqət qəlbən demokrat olub, dövlətşünas və qanunçu idi. Gözəl natiq, qüvvətli məntiq sahibi mərhum Fətəli xan mühüm və qüvvətli dövlət məsələlərinin həllində dərin zəkar göstərən bir kişi idi. Səmimi millətpərvərliyi, dönməz iradəsi ilə məmləkətinin müqəddəratına bağlı bir Azərbaycan dövlət xadimi idi". 

Nəsiman Yaqublu

Категория: Azərbaycan tarixi | Добавил: marketing
Просмотров: 1432 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 2
23.04.2011 Спам
2. Cavidan () [Материал]
Melumata gore teshekkur edirem. Saytinizda mutamadi olaraq elmi meqalelerin olmasini cox isteyerdim.

21.02.2010 Спам
1. ceyhun () [Материал]
melumata gore minnettaram ama hiss olunurki meqaleniXoyskiye hesr etmisiz bir azda etrafli digerleri haqda olsa lap ela olar sag olun

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016