Neft sənayesi ölkəmizdə xalq
təsərrüfatının parıcı
infrastrukturudur.
Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.
Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.
İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır.
1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.
Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.
Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu.
1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.
Ötən dövrdə Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.
Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyulmuşdur. Hazırda Azərbaycanın bütün kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır.
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.
Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstanın Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar.
|