“Quş qripi”nin dərmanı tapıldı
Koreyanın Çunam Universitetində hazırlanmış dərmanın kütləvi istehsalına başlanacaq
Son bir neçə ildə bəşəriyyət üçün ciddi təhlükə yaradan “quş qripi” virusunun yayılmasının qarşısını almaq mümkün olacaq. Çünki uzunmüddətli tədqiqatlardan sonra dünya alimləri bu virusla effektli mübarizə üsulunu tapıblar. Daha doğrusu, koreyalı tədqiqatçılar “quş qripi”nə qarşı dərman hazırlamağa müvəffəq olublar. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Lent.az-a bildiriblər ki, Koreyanın Çunam Universitetində aparılan tədqiqatlardan sonra H5N1 virusunu məhv edə biləcək məhlul hazırlanıb. Artıq bu məhlulun kimyəvi tərkibi və ondan istifadə qaydaları dünyanın baytarlıq və səhiyyə orqanlarına da məlumat verilib. “Quş qripi” virusuna qarşı dərmanın tapılmasında Amerika mütəxəssisləri də iştirak edib. Artıq Koreyadan ABŞ-a gətirilən məhlulun yaxın vaxtlarda kütləvi istehsalına başlanması üçün hazırlıq işləri görülür. /
|