Hökumətin Dünya Bankı ilə hazırladığı layihə sosial müdafiə sahəsində ünvanlılığı və şəffaflığı gücləndirəcək. Layihənin icrası nəticəsində əmək bazarı institutlarının modernləşdirilməsi, xüsusilə də əmək şəraitinin yaxşılaşdırılması və əmək təhlükəsizliyinin gücləndirilməsi üçün strateji plan hazırlanacaq. Həmçinin Dövlət Əmək Müfəttişliyinin təkmilləşdirilməsi üzrə ehtiyaclar nəzərə alınaraq onun potensialı bir qədər də gücləndirriləcək. Bu layihənin reallaşması nəticəsində əlilliyin qiymətləndirilməsi ilə bağlı xidmətlər təkmilləşəcək, ünvanlı sosial yardım sistemində səhvlərin minimuma endirilməsinə nail olunacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, 1995-ci ildən sonra Azərbaycanda işsizlik səviyyəsi təxminən üç dəfə azalıb, minimum əmək haqqı 68, orta aylıq əmək haqqı isə 20 dəfədən çox artıb. Son 5 il ərzində Azərbaycanda 740 min iş yeri açılıb ki, bunun 530 mini daimidir. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi nəticəsində ölkədə yoxsulluq səviyyəsi xeyli azalacaq, işaxtanlar üçün daha geniş imkanlar yaradılacaq.
Xatırladaq ki, ümumi dəyəri 54,6 milyon dollar olan bu layihə 4 komponentdən və 4 subkomponentdən ibarətdir.