1980-ci ilin ortalarından informasiya və telekommunikasiya texnologiyalarında (İKT) baş verən inkişaf iqtisadi həyatda radikal dəyişikliklərə səbəb olmuşdur. 1990-cı ilin ikinci yarısından İKT-dəkı irəliləyişə bağlı olaraq, ABŞ-da aşağı səviyyəli inflyasiya və artan əmək məhsuldarlığı ilə birləşən güclü bir iqtisadi artım tendensiyası yaşanmışdır. İnformasiya texnologiyalarındakı sürətli inkişaf və bunun informasiya cəmiyyətinin formalaşmasında rolunun təhlili, demək olar ki, ilk dəfə ABŞ-da iqtisadçıları bu yeni sahəni araşdırmağa yönəltdi. İqtisadçılar yeni iqtisadiyyatın doğuşunu ABŞ-da informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqələndirirlər. İqtisadiyyatı dəyişdirən və yeniləşdirən bilgi və ya informasiyadakı dəyişiklikdir. Bir başqa şəkildə, Yeni İqtisadiyyat - informasiya iqtisadiyyatıdır. İstanbul Universitetinin Doktorantı, iqtisadçı Əkbər Eldaroğlunun yeni iqtisadiyyat haqqında verdiyi açıqlamasına görə bir çağdan başqa bir çağa keçmək, insanlıq tarixi üçün hər zaman ağrılı bir mərhələ olmuşdur. Bu gəlməkdə olanın pis olmasından deyil, çağ dəyişərkən insanların hər zaman yeni mərhələyə uyğunlaşmaq çətinliyindən ortaya çıxır. Əkinçilik çağında torpaq üzərində hegemonluq zənginliyin əsas mənbəyi sayılırdı. Bu çağda qumdan sadəcə qum olaraq istifadə edilir və bir kiloqramı da 5 sentə satılırdı. Sənaye çağında isə insan təbiət üzərindəki hegemonluğunu artırınca, qumu yüksək temperaturda əridərək, içindən silisiumu çıxardıb şüşə istehsal edirdi. Bunun da kiloqramı 1,7 dollara satılırdı. Sənaye iqtisadiyyatında investisiyaların əsasını avadanlıqlar, fabrik və zavod binaları təşkil edərkən, yeni iqtisadiyyatda investisiyalar əsasən informasiyanın artırılması, yayılması və insan zəkasının geniş şəkildə istehsal prosesinə cəlb edilməsinə istiqamətlənir. İnformasiya çağında qumdan təkcə şüşə deyil, kompüterlərin mikro çipləri də istehsal edilir. Bir kiloqramlıq kompüterlərin qiyməti isə min yeddi yüz dolardır. Əslində bunların hamısının xammalı eynidir, yəni qumdur. Dəyişən isə bilgidir. İnformasiya cəmiyyətinə keçid iqtisadi inkişafı sürətləndirməkdə və bu proses ənənəvi istehsal faktorlarında dəyişikliklərə də yol açmaqdadır. XIX əsrdə istehsalın əsas amillərinə torpaq, kapital və əmək daxil idi. XX əsrin əvvəllərində təşəbbüskarlıq bu sıraya qoşuldu. XX əsrin sonlarında isə istehsalın beşinci və həm də əsas amili rolunda informasiya çıxış edir. Bilgi, XXI əsrdə xalqların qarşısında duran ən böyük rəqabət mənbəyi olacaqdır. İnformasiya Çağında bilgiyə investisiya qoyaraq, yenilik yarada bilənlər rəqabət edə biləcəklər. “Yeni İqtisadiyyat” informasiyanın əldə edilməsi, emalı və yayılması proseslərini əhatə edir. Yeni iqtisadiyyata aid mal və xidmətlər, informasiya və telekommunikasiya texnologiyalarına aid olan mal və xidmətlərdir. Kompüterlər, proqramlar, telekommunikasiya, internet, biotexnologiya və genetika kimi sahələr yeni iqtisadiyyata aid olan sahələrdir. Dünyada mal və xidmət istehsalında informasiya və telekommunikasiya sektorunun payı hər il sürətlə artmaqdadır. 2000-ci ildə aparılan bir araşdırmaya görə informasiya və telekommunikasiya texnologiyalarına qoyulan investisiyaların həcmi dünyada istehsal edilən mal və xidmətlərin 6 faizinə bərabər olmuşdur. Bununla bərabər 1999-cu ildə 2.1 trilyon qlobal İnformasiya və Telekommunikasiya xərclərinin 2010-cu ildə 15 trilyon dolara çıxacağı ehtimal edilməkdədir. Son zamanlar yeni texnologiyalar xammal ixrac edən ölkələri sənayeləşmiş ölkələrdən təcrid etməyə başlayıb. İstehsal edilən hər parça sənaye malı üçün lazım olan xammal miqdarı hər keçən gün azalmağa davam etməkdə, bu da xammal ixrac edən ölkələrin inkişaf şanslarını da azaltmaqdadır. XX əsrin əvvəllərində hər parça sənaye malı başına düşən xammalın payı 40 faiz idi. Bu gün isə qlobal iqtisadiyyat artan nisbətdə yüksək texnoloji məhsullara, xüsusilə də özəl xidmətlərə ehtiyac hiss etməkdədir. 1920-ci ilin əsas istehsalı olan avtomobildə xammal və enerjinin payı 60 faiz olduğu halda, günümüzdə informasiya cəmiyyətinin mühüm istehsalı olan mikro çiplərdə xammal və enerjinin payı 2 faizin altındadır. Hər çağın öz ruhu vardır. İnformasiya çağının ruhu da sürətə dayanır. İnkişaf etməkdə olan ölkələrin elektrik, dəmiryolları, telefon kimi texnologiyalardan istifadə edə bilməsi üçün on illərin keçməsi lazım olmuşdur. Ancaq XX əsrin sonlarından internetdən istifadə Şərqi Asiyada, Latın Amerikasında və Şərqi Avropada böyük sürətlə yayılmaqdadır. “Microsoft”un apardığı bir araşdırmaya görə əgər avtomobil və fəza texnologiyası kompüter və bilgi texnologiyaları ilə eyni sürətlə inkişaf etsəydi; yeni bir avtomobili 2 dollara ala biləcək və haradasa 1 litr benzinlə 600 mil gedə biləcəkdik. Bir pizza qiymətinə isə bir “Boeng 747” təyyarəsi satın alına bilərdi. Dünyadakı transformasiyaya İsveçdən örnək versək “Volvo” dünənin, “Ericsson” isə bu günün şirkətidir. “Volvo” bir zaman sonra orada qala bilməyəcək, istehsalı başqa bir Azərbaycan kimi inkişaf etməkdə olan ölkəyə buraxılacaq. “Ericsson” isə yeni çağın məhsulu kimi orada hələ bir müddət qalmaq imkanına sahibdir. Necə ki, qumdan kompüter çipləri (chip) istehsal etməyi bacaran cəmiyyətlər, beynəlxalq əmək bölgüsündə qumdan şüşə istehsal etməyi, çiplərini satmaq istədikləri bir alt qrupdakı cəmiyyətlərə buraxırlar. Amma bunun fərqinə varan və beyin gücü kapitalına yatırım yapan alt qrupdakı cəmiyyətlər üst qrupa sıçrama imkanına yiyələnirlər. Statistik göstəricilər informasiya sahələrindəki beynəlxalq ticarətin təbii resurslar beynəlxalq ticarətindən 5 dəfə daha sürətlə inkişaf etdiyini göstərir. Ayrıca da kommunikasiya, software, biotexnologiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin əsas fondlarının dəyəri həmin şirkətlərin bazar dəyərinin 5-10 faizini təşkil etməkdədir. Kompüter proqramlaşdırma sahəsində fəaliyyət göstərən “Microsoft”un bazar dəyəri, dünyanın ən böyük şirkəti olan “General Motors”un bazar dəyərindən 8 dəfə çoxdur. “Microsoft” 2 milyard dollar miqdarında olan fiziki mülkiyyəti ilə 500 milyard dolar miqdarında bazar dəyərinə sahibdir. Demək olar ki, şirkətin zənginliyi və dəyər mənbəyi informasiya, yəni intellektual sərmayədir. Yeni iqtisadiyyatın əlamətləri dünya birjalarında daha yaxşı hiss olunmaqdadır. 10 il bundan əvvəl dünyanın ən böyük bazar dəyərinə malik 20 şirkətinin arasında informasiya sahəsində fəaliyyət göstərən 2-3 şirkət var idi. Bu gün isə tamamən fərqli vəziyyət yaranıb. İndi artıq bu siyahının başında “Microsoft”, “Intel”, “Oracle” kimi yeni iqtisadiyyatın əsas şirkətləri yerləşib və 20 ən böyük dəyərə malik şirkətlərin 17-si informasiya sahəsində fəaliyyət göstərən şirkətlərdir. Dünya sürətlə yeni iqtisadiyyatın qanunlarına uyğunlaşmaqdadır və şirkətlər bu istiqamətdə özlərini yeniləməkdədirlər. Artıq rəqiblərindən bir addım önə keçmək üçün şirkətlər informasiyanın əldə edilməsi, emalı və ötürülməsi ilə daha sıx əlaqədə olmalıdır. Son illərdə yeni iqtisadiyyat ilə bağlı çoxlu sayda araşdırmalar aparılmış, bu sahədə çoxlu kitablar yazılmış və bu sahədə araşdırmalar hələ də davam etməkdədir. Bəzi iqtisadçıların araşdırmalarında “yeni iqtisadiyyatda əslində yeni bir şey yoxdur” fikri hakim olduğu halda, başqa bir qrup iqtisadçılar isə araşdırmalarında “yeni iqtisadiyyat həqiqətən də yenidir” prinsipini irəli sürməkdədir.