Sokrat insanın daxili dünyasına xüsusi diqqət yetirirdi. O özünün etik rasionalizm prinsipində göstərirdi ki, xeyirxahlıq bilik ilə ayrılmaz surətdə bağlıdır. onun fikrincə əxlaqi təkmilləşmə həqiqətin dərki deməkdir. Sokratın irəli sürdüyü “Özün-özünü dərk et” aforizmi bu gün də öz əhəmiyyətini saxlayır. Demokritin təlimində insan təbiətin bir hissəsi kimi, atomlardan ibarət hesab edilirdi. İnsanın ruhu da atomlardan təşkil olunur və bədən ölən kimi o da ölür. Platon isə ondan fərqli olaraq insanda ruhu ön plana çəkirdi. O göstərirdi ki məhz ruh sayəsində insan mövcuddur. Bədən ruha düşmən olan materiyadır. Aristotelin konsepsiyasında insan ictimai mahiyyət kəsb edən varlıq hesab olunurdu. onun fikrincə insanın digər bir mühüm keyfiyyəti ağla, zəkaya malik olmasıdır. Bir sözlə antik fəlsəfədə insan ali başlanğıca - taleyə tabe olan mikrokosmos kimi götürülürdü.
Orta əsrlər fəlsəfəsində insan Allahın yaratmış olduğu mövcudat kimi təsəvvür olunurdu. Xristian dini açıqca göstərirdi ki, o “Allahın obrazı və bənzəridir”. Bu təlimə görə insan ilahinin müəyyən etdiyi dünya qaydasının passiv iştirakçısıdır. İnsanın əsas vəzifəsi Allaha qovuşmaq və qiyamət günündə öz günahlarına görə cəza çəkməkdir. Bununla yanaşı orta əsrlərdə insan dünyanın mərkəzi və ali məqsədi kimi öyrənilir, dünyanın hər hansı bir hadisəsi insanın təcrübəsi və dəyərlər sistemindən keçirilib qiymətləndirilirdi.
2.İnsan mahiyyətinə yeni baxışYeni dövr fəlsəfəsində insanın fərdi mənafeləri, sosioloji və etik individualizmi ön plana çəkilir. Məsələn, Hobbsa görə insan insanın düşmənidir. Hamının hamıya qarşı mübarizəsi cəmiyyətin təbii vəziyyəti hesab olunurdu. İnsanlar arasında daim rəqabət baş verir. Digər tərəfdən həmin dövrdə antropoloji rasionalizm (insanın əsl mahiyyətini fikirləşməkdə, zəkada görmək deməkdir) meydana gəlir. Məsələn, R. Dekart belə hesab edirdi ki, fikirləşmək insanın mövcudluğunun yeganə dəqiq göstəricisidir. “Fikirləşirəmsə, deməli mövcudam” sözləri ona məxsusdur. XVIII əsr fransız materialistləri üçün insana mexaniki baxış, onun maşın kimi və təbiətin məhsulu kimi göstərilməsi səciyyəvidir. İnsana maşın kimi yanaşılması Lametrinin təlimində əsas yeri tutmuşdur. Holbax, Helvetsiy və Didro isə insanı təbiətin məhsulu hesab edirdilər. Onların mövqeyinə görə insanın fəaliyyəti qəti surətdə təbiət qanunları ilə şərtlənir. O hətta fikrən də təbiətdən kənara çıxa bilməz.
Fransız filosofu Klod Anri Helvetsi (XVIII əsr) “İnsan haqqında” əsərində belə yazırdı: “İnsanın qidasında həm bitki, həm də heyvan məhsulları var. O, zəif, pis silahlanmış, başqa daha güclü heyvanlar qarşısında aciz idi, daha sonra vəhşi heyvanlardan qorunmaq üçün birləşməli oldu. İnsan nəsli artdıqca, torpaqlar becərildi, siyasi ittifaqlar bağlandı, qanunlar yaradıldı.”
Ünsiyyət anadangəlmə qabiliyyətdirmi? – sualına cavab verərək o göstərirdi ki, həm adamda, həm də heyvanda ünsiyyət daxili tələbatdan irəli gəlir. Maraq və tələbat hər hansı ünsiyyətin əsasıdır. Ailə əlaqələri dövlətinkindən gərək güclü olmasın. Təsadüfi deyildir ki, əzəldən adamlarda vətənə, ədalətliyə məhəbbət aşılayırlar. Belə olmasaydı oğul, ata məhəbbəti naminə qonşunun və ya dövlətin cibinə girərdi ki, öz rifahını yaxşılaşdırsın. Dünyada nə qədər ailə varsa bir o qədər kiçik mənafe və tələbatlar vardır və onlar bir çox hallarda bir-biri ilə toqquşur.
- Təbiət əxlaqi hissləri bizə bəxş etməyib. Təsadüfi deyil ki, din Allah-taalanın insanlara bir-birini, valideynləri sevməyi vəsiyyət etdiyini söyləyir.
- insanların bir-birinə olan bu məhəbbətinin əsasında bir-birinə kömək etmək zərurəti, müəyyən tələbatlar, gündəlik praktiki həyat durur.
Klassik alman fəlsəfəsində insan mövzusu çox geniş müzakirə olunmuşdur. Bu fəlsəfənin banisi İ. Kant göstərirdi ki, ““İnsan nədir?” sualı fəlsəfənin əsas məsələsi, insanın özü isə bütün dünyada başlıca predmetdir”. Kant insanın bir tərəfdən təbii, digər tərəfdən isə əxlaqi mövcudat olduğunu qeyd edirdi; o həm də göstərirdi ki, ikinci tərəf üstündür. Kant insanı öz fəaliyyətində müstəqil və azad görmək istəyirdi. Bu fəaliyyət qəti imperativə (insanın daxilindən gələn və onun şəxsiyyət kimi mükəmməlliyini ifadə edən tələb) əsaslanmalıdır. O heç vaxt hər hansı bir məqsədi həyata keçirməyin vasitəsi olmamalıdır.
Kant qeyd edirdi ki, insan xarici aləmin təsiri altında yaranan təəssüratlar və hissləri öz şüuru vasitəsilə qəbul edir. Bu yolla o öz daxilindəki ruha xarici aləm haqqında məlumat verir, ruh isə bu anlayışları əlaqələndirir, yəni düşüncə və təfəkkürü yaradır.
İnsan zehni onun yetkin yaşında öz zirvəsinə çatır. Sərbəst şəkildə anlayışları əlaqələndirmək, müəyyən biliklər əsasında ehtirasları idarə etmək qabiliyyəti lap axırda gec əmələ gəlir. Bəzi hallarda heç əmələ gəlmir. Əksər adamlar bir bitki kimi dünyaya yaşamaq, nəslini artırmaq və ölmək üçün gəlmişlər, bunlar öz məqsədlərinə nail ola bilmir, çünki öz qüvvələrini düzgün sərf etmirlər, onları saxlayan ümid, gələcəyə inamdır.
Hegelin insan təlimi rasionalizmə əsaslanırdı. O Dekart tərəfindən əsası qoyulmuş antropoloji rasionalizmi daha da inkişaf etdirmişdir. Hegel göstərirdi ki, insanın heyvandan fərqi hər şeydən əvvəl təfəkkürə malik olmasındadır. Məhz bu keyfiyyət onun insanlığını bəşəriyyətə bildirir. Hegelin fikrincə insan mənəvi fəaliyyətdə olan subyektdir. O ümuməhəmiyyətli xarakter daşıyan ruhun və zəkanın daşıyıcısıdır. Hegelə görə insan yalnız özünün ümumi və azad olduğunu dərk etdikdə şəxsiyyətə çevrilir. Onun fikrincə cəmiyyət daxilində üstünlük fərdə deyil, sosial birliyə və kollektivə məxsusdur.
Hegel insanın mahiyyəti haqqında “Hüquq fəlsəfəsi” əsərində belə yazırdı: “İnsan təbiətin bir prosesidir; insan yalnız öz cismini və ruhunu təkmilləşdirməklə (özü də mənlik şüurunun azad olduğunu duyandan sonra) öz həqiqi sahibinə çevrilə bilər. Bu çevriliş həm də imkanın (ideyanın, anlayışın) həqiqətə çevrilməsidir, bu zaman insan öz mahiyyətinə qayıdır.”
Klassik alman fəlsəfəsinin digər nümayəndəsi L.Feyerbax “Xristianlığın mahiyyəti” əsərində qeyd edirdi ki, insan heyvandan öz şüuru, özünüdərk etmək qabiliyyəti ilə fərqlənir. İnsan özünün növünü, mahiyyətini düşünə bilir, heyvan isə yox. Yalnız özünüdərk edə bilən məxluq digər predmet və canlıların təbiət və mahiyyətini öyrənə bilər. İnsan eyni zamanda həm “mən”, həm də “sən”dir, çünki o, özünü başqasının yerində təsəvvür edə bilir: onun şüurunun obyekti həm özü, həm də başqalarıdır.
İnsan necə düşünür? İnsanda insani olan nədir? Ağıl, iradə və ürək. Mükəmməl insanda təfəkkür, iradə, hisslər güclü olur. Təfəkkür qüvvəsi – dərketmənin işığıdır, iradə qüvvəsi – xasiyyətin enerjisidir, hisslər qüvvəsi isə - məhəbbətdir. Feyerbaxa görə insanın bu xüsusiyyətləri onun mahiyyətini təcəssüm edir. Həqiqi məxluq – düşünən, iradəyə malik olan, sevməyi bacaran məxluqdur. Hansı obyekti öyrəniriksə də, bu zaman biz onda sanki öz şəxsi mahiyyətimizi öyrənmiş oluruq, hər hansı bir əməldə də biz özümüzü ifadə edirik.
“Gələcək fəlsəfənin əsas müddəaları” əsərində Feyerbax qeyd edirdi ki, əvvəlki fəlsəfənin başlıca müdəası belə olub: mən abstrakt, yalnız düşünən bir varlığam, mənim cismimin buna heç bir aidiyyatı yoxdur; yeni fəlsəfədə isə əsas fikir ondan ibarətdir ki, mən həqiqi, duymağı bacaran bir məxluqam; cismim mahiyyətimə daxildir; bədənim elə mənəm, mənim mahiyyətimdir. İnsan universal varlıqdır, o azad və məhdudiyyətsizdir. İnsanın hissi, duyğusu müstəqildir və nəzəri mahiyyət və məna səviyyəsinə ucala bilər, niversal hissi - düşüncə, universal hissiyyat – mənəvi ruhlandırmadır. Yeni fəlsəfə insanı (deməli həm də təbiəti o insanın ətraf mühiti olduğu üçün) fəlsəfənin yeganə, universal və ali predmetinə çevirir, antropologiyanı və fiziologiyanı universal elm elan edir. İncəsənət, din, fəlsəsə həqiqi insan mahiyyətini aşkarlamaq üçün gözəl vasitədir. insanın mahiyyəti yalnız insanlar arasında yaranan ünsiyyət yolu ilə üzə çıxarılır.
|