Azərbaycan Respublikasinda Texniki Peşə Təhsilinin Inkişafi Üzrə Dövlət Proqrami (2007-2012-Ci Illər)
[
]
18.11.2008, 22:35
1. Giriş
Azərbaycan Respublikasında texniki peşə təhsili müxtəlif inkişaf mərhələlərində formalaşaraq, ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. 1988–1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi-siyasi şərait bütün sahələrdə olduğu kimi, texniki peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərmişdir. Bu dövrdə hökm sürən ictimai və sosial-iqtisadi sabitsizlik, istehsal həcminin kəskin azalması və nəticə etibarilə əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbatın aşağı düşməsi, büdcədən maliyyələşmənin sıxılması, həmçinin təhsil təşkilatları ilə müəssisələr arasında ənənəvi əlaqələrin qırılması texniki peşə təhsili sistemini iflic vəziyyətinə salmış və tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1990-cı illərin ortalarından başlayaraq, ölkədə texniki peşə təhsilinə diqqət artırılmış, onun zamanın tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılmışdır. Bazar münasibətləri əsasında formalaşan iqtisadi reallıqlar texniki peşə təhsili sistemində, ilk növbədə təşkilati dəyişikliklərə yol açmışdır. Maddi–texniki bazası zəif və yüksək ixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan texniki peşə məktəbləri ləğv edilmiş və ya birləşdirilmiş, texniki peşə təhsili müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verilmişdir. Bununla bərabər, texniki peşə təhsilinin məzmununun yeniləşdirilməsi sahəsində xeyli iş görülmüş, tədris plan və proqramlarının məzmunu və quruluşunun təkmilləşdirilməsi istiqamətində əməli addımlar atılmışdır. Hazırda respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcuddur. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə məktəbi və peşə liseylərində 101 peşə üzrə 23 mindən artıq şagird təhsil alır. Hər il texniki peşə təhsili müəssisələrinə orta hesabla 13 mindən yuxarı şagird qəbul olunur. Son illər ölkədə iqtisadiyyatın inkişafının dinamikliyi daha da artmaqdadır. Azərbaycan Respublikasının iqtisadi potensialının sürətlə yüksəlişi, bazaryönümlü islahatların dərinləşməsi və regionların inkişafındakı müsbət dəyişikliklər, bütövlükdə ölkə iqtisadiyyatında müşahidə olunan müasir meyİllər texniki peşə sistemi qarşısında yeni tələblər irəli sürür. Hazırda əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı kadrlara yaranan və gündən-günə artan tələbatı ödəmək qabiliyyətli yeni tip pilləli təhsil komplekslərinin yaradılması ən vacib məsələ kimi ön plana çəkilir. Ölkədə neft-qaz sənayesi sahələrinin güclü inkişafı ilə yanaşı qeyri-neft, yüksək əlavə dəyər tutumlu səhələrin də təkamülü dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Texniki peşə təhsilinin profil strukturu bir tərəfdən, sosial-iqtisadi inkişafının müasir istiqamətlərini çevik şəkildə özündə əks etdirmək və peşə təhsili proqramların müvafiq şaxələndirilməsinə əsaslanmaq, digər tərəfdən isə, müasir texnologiyaların tətbiqi üçün tələb olunan qabaqlayıcı kadr hazırlığını təmin etmək qabiliyyətinə malik olmalıdır. Regionların hərtərəfli sosial-iqtisadi inkişafı ixtisaslı işçi qüvvəsi probleminin regional əmək resursları baxımından və yerli xüsusiyyətləri nəzərə almaqla həllini qarşıya qoyur. Texniki peşə təhsili sisteminin vahid dövlət siyasəti çərçivəsində idarə olunması istər respublika səviyyəsində, istərsə də regionlar üzrə əmək bazarı ilə əlaqənin daha da sıx qurulmasını və azad iqtisadi münasibətlər şəraitində müxtəlif sahələrdə ixtisaslı işçi qüvvəsinə yaranan tələbatın çevik şəkildə ödənilməsini zəruri edir. Bununla yanaşı, hazırda geniş vüsət alan qloballaşma prosesləri və ölkə iqtisadiyyatının ümumdünya təsərrüfat sisteminə inteqrasiyasının get-gedə dərinləşməsi mövcud texniki peşə təhsili sisteminin yeniləşdirilməsi istiqamətində zəruri addımların atılmasını tələb edir. Respublikada sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna əhəmiyyət kəsb edən texniki peşə təhsili sistemində şəbəkənin optimallaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, bu müəssisələrin bina şəraiti, maddi-texniki və tədris bazası, onların idarəetmə strukturu, maliyyələşdirilmə səviyyəsi, mexanizmi, təhsilin məzmunu və təlim-tədris proseslərinin təşkili bir çox hallarda yüksək ixtisaslı kadrların hazırlanması baxımından müasir tələblərə cavab vermir. Bu gün Azərbaycan Respublikasında texniki peşə təhsili sahəsində mövcud problemlər sırasında aşağıdakılar xüsusilə qeyd olunmalıdır: - texniki peşə təhsili müəssisələrinin maddi-texniki və tədris bazası müasir tələblərə cavab vermir. 1990-cı ildən keçən dövr ərzində peşə məktəbi və peşə liseylərinin binaları əsaslı təmir edilməmiş, son 20 ildə müəssisələrə texnika, avadanlıq, əyani və texniki vasitələr verilməmişdir. Hazırda peşə məktəbi və peşə liseylərində istifadə edilən tədris avadanlığının çox hissəsi fiziki və mənəvi cəhətdən köhnələrək sıradan çıxmışdır. Tədris prosesinin kompyuterləşdirilməsi sahəsində vəziyyət qənaətbəxş deyildir; - texniki peşə təhsilinin mövcud idarəolunma strukturu bazar iqtisadiyyatı prinsipləri ilə tam uzlaşmır, onun dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizmi kifayət qədər səmərəli deyildir. Son illərdə dövlət büdcəsindən ayrılan vəsait artsa da, tədris-maddi bazanın inkişafı və möhkəmləndirilməsi, xammal, yanacaq-sürtkü materiallarının alınması, şagirdlərin sosial müdafiəsi, bina, qurğu və digər tikililərin əsaslı təmiri, mühəndis-pedaqoji işçilərin və digər mütəxəssislərin ixtisasının artırılması üçün tələb olunan xərcləri tam ödəmir; - kadr hazırlığı əmək bazarının tələbləri ilə uzlaşmır, texniki peşə təhsili sistemində kadr hazırlığının planlaşdırılması işi müasir tələblər səviyyəsində qurulmamışdır, iqtisadiyyatın inkişaf perspektivlərinə uyğun olaraq, əmək bazarının tələbatlarının uzunmüddətli elmi əsaslandırılmış proqnozlaşdırılması sistemi yoxdur; - texniki peşə təhsili sistemində istifadə olunan proqramlar, ixtisas fənləri üzrə dərslik və dərs vəsaitləri müasir tələblərə cavab vermir, texniki peşə təhsili müəssisələrinin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə yeni mexanizmlər tam tətbiq edilmir; - texniki peşə təhsili sistemində ixtisaslı kadrlar çatışmır, mühəndis-pedaqoji heyətin hazırlıq səviyyəsi qənaətbəxş deyildir. Son illərdə qəbul edilmiş bir sıra sənədlərdə texniki peşə təhsilinin inkişafına yönəlmiş tədbirlərin həyata kecirilməsinin vacibliyi xüsusilə vurğulanır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” və “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” kimi normativ hüquqi aktlarda peşə-ixtisas təhsilinin təkmilləşdirilməsinə, texniki peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasına və müasir tələblərə cavab verməsinə ciddi ehtiyac olduğu göstərilmiş və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Ölkənin dinamik inkişaf edən iqtisadiyyatının peşə-ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsinin vacibliyi, həmçinin, müasir peşə təhsilinin əhalinin maddi və sosial durumunun müəyyənləşdirilməsində malik olduğu mühümlük texniki peşə təhsili sisteminin bu gün üzləşdiyi problemlərin kompleks həllini və onun müasir əsaslarda daha səmərəli təşkilini təxirəsalınmaz edir.
2. Məqsəd və vəzifələr
“Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər)” (bundan sonra - Proqram) əsas məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasıdır. Proqramın əsas məqsədinin gerçəkləşdirilməsi aşağıdakı vəzifələrin həllinə nail olunmaqla müvafiq istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
2.1. Texniki peşə təhsili sistemində maddi-texniki bazanın möhkəmləndiriliməsi
- texniki peşə təhsil müəssisələrinin yerləşdiyi bina və tikililərin müasir tələblərə uyğun əsaslı və cari təmiri; - texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının qabaqcıl standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, müasir texnika, texnologiya və vasitələrlə təmin edilməsi; - texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasir təlim avadanlığı (dəzgah, kənd təsərrüfatı texnikası, maşın, mexanizm və s.) hesabına yeniləşdirilməsi, tədris prosesində yeni təhsil texnologiyalarının tətbiqinə nail olunması; - əhalinin texniki peşə təhsilinə tələbatlarının ödənilməsində ehtiyac duyulan regionlarda müasir səviyyədə yeni texniki peşə təhsili müəssisələrinin yaradılması və bu işlərin təşkilində beynəlxalq və yerli təcrübədən istifadə edilməsi.
2.2. Texniki peşə təhsili sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi
- dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrinin maliyyə-təsərrüfat müstəqilliyinin artırılması, bazar münasibətlərinin, rəqabət prinsiplərinin daha geniş istifadə olunması; - müxtəlif mülkiyyət formalarına əsaslanan təhsil müəssisələrinin yaradılması və inkişafı üçün müvafiq iqtisadi-təşkilati şəraitin və investisiya mühitinin dəstəklənməsi; - texniki peşə təhsili sahəsində səmərəli dövlət tənzimlənməsi mexanizmlərinin qurulması, ictimai idarəetmə və nəzarət vasitə və üsullarından daha geniş istifadə olunması, texniki peşə təhsili ststeminin idarə olunması sahəsində informasiya və kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması; - kadr hazırlığı ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən sistemin yaradılması, kadr hazırlığı sistemini, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkəsinin fəaliyyətinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, əmək bazarında kadrlara olan tələbatın strukturuna və proqnozuna uyğun olaraq, müxtəlif ixtisaslı kadrlara olan tələbatın müəyyənləşdirilməsinin optimal mexanizmlərinin qurulması; - texniki peşə təhsilinin dövlət büdcəsindən maliyyələşməsində normativ maliyyələşmə prinsiplərinin tətbiq olunması, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və yüksək səmərəliliyin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi; - texniki peşə təhsili müəssisələrinin dayanıqlı və yetərli səviyyədə maliyyələşməsinə nail olmaq məqsədi ilə çoxmənbəli maliyyələşmə sxemlərinin tətbiqi, bu müəssisələr tərəfindən əlavə təhsil xidmətlərinin göstərilməsinin və büdcədənkənar vəsaitlərin qazanılmasının təşviqləndirilməsi.
2.3. Texniki peşə təhsilin məzmunca müasir tələblər səviyyəsində yeniləşdirilməsi
- texniki peşə təhsilini əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədi ilə bu sahə üzrə yeni ixtisas və ixtisaslaşma təsnifatının hazırlanması; -texniki peşə təhsili üzrə yeni dövlət standartlarının hazırlanması və bu standartlar əsasında, həmçinin beynəlxalq təcrübədən istifadə olunmaqla yeni tədris proqramlarının tərtib olunması və tətbiqi, təlim-tədris prosesində müasir üsul və metodlardan istifadə ollunması; - texniki peşə təhsili üzrə yeni dövlət standartlarına və tədris proqramlarına uyğun dərsliklərin, dərs vəsaitlərinin hazırlanması və nəşri, texniki peşə təhsili müəssisələrinin bu vəsaitlərlə təmin olunması; - texniki peşə təhsili sistemində təhsilin keyfiyyətinin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi, səmərəli monitorinq və qiymətləndirmə mexanizmlərinin hazırlanması və tətbiqi; - texniki-peşə müəssisələrində tədris prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş istifadəsinə nail olunması, modul təhsili, məsafədən təhsil kimi müasir təhsil formalarından istifadə imkanlarının araşdırılması, onların real praktikada həyata keçirilməsi; - mütərəqqi təhsil formalarından istifadə etməklə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsi və bu yolla işçilərin iş yerində təhsillərini davam etdirmələrinə şərait yaratmaqla ömür boyu təhsil imkanlarının genişləndirilməsi; - ölkədə qeyri-neft sektorunu sürətli inkişaf etdirmək məqsədi ilə kənd təsərrüfatı, turizm, emal və xidmət sahələri üçün kadr hazırlığının genişləndirilməsi; - cəzaçəkmə müəssisələrində şəxslərin əmək bazarında işçi qüvvələrinə olan tələbata uyğun peşələri öyrənmələrinin təmin edilməsi; - texniki peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi, təhsil müəssisələri arasında birbaşa əlaqə mexanizmlərindən səmərəli şəkildə istifadə olunması.
2.4. Texniki peşə təhsili sistemi üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi
-texniki peşə təhsili sisteminin mühəndis-pedaqoji kadrlara və digər mütəxəssislərə tələbatının proqnozlaşdırılması sisteminin yaradılması; - texniki peşə təhsili sistemi üçün kadr hazırlığının, ixtisasartırma və yenidənhazırlanma təhsilinin daha da təkmilləşdirilməsi, texniki peşə təhsili sahəsində yüksək ixtisaslı kadrların çoxluq təşkil etməsinə nail olunması; - texniki peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji və digər işçilərin sosial statusunun və maddi rifahının yüksəldilməsinə istiqamətlənmiş tədbirlərin görülməsi, onların iqtisadi cəhətdən təşviqləndirilməsində texniki peşə təhsili müəssisələrinin müstəqilliyinin əhəmiyyətli dərəcədə artırılması.
2.5. Texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi -texniki peşə təhsilinin problemlərinə ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinin artırlmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, qlobal internet şəbəkəsinin imkanlarından bu məqsədlə daha geniş istifadə olunması; - texniki peşə təhsili sisteminin monitorinqlərinin keçirilməsinə nail olunması, bu məqsədlə texniki peşə təhsili barədə statistik məlumatlar sisteminin təkmilləşdirilməsi, müsbət nəticələr əldə etmiş texniki peşə təhsili müəssisələrinin iş təcrübəsinin, pedaqoji nailiyyətlərin və şagirdlərin peşəkar bacarığının kütləvi informasiya vasitələrində geniş işıqlandırılması və yayılmasının dəstəklənməsi; - texniki peşə təhsili müəssisələrinin dövlət, qeyri-dövlət qurumları və xüsusilə də işəgötürənlərlə tərəfdaşlıq əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədi ilə institusional tədbirlərin həyata keçirilməsi.
3. Proqramın maliyyə təminatı
Proqramın maliyyə təminatını dövlət büdcə vəsaitləri və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr təşkil edir.
4. Gözlənilən nəticələr
Proqramın yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır: - texniki peşə təhsilinin normativ-hüquqi, iqtisadi və informasiya bazası təkmilləşəcək; - texniki peşə təhsili müəssisələrinin maddi-texniki və tədris bazası təkmilləşəcək, onlar müasir avadanlıqla təmin olunacaq, təlim prosesinin səmərəsi artacaq, müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanması üçün əlverişli şərait yaranacaq; - texniki peşə təhsili müəssisələrinin strukturu və idarə edilməsi mexanizmi təkmilləşəcək, şəbəkə optimallaşacaq, regionlarda sosial-iqtisadi potensial nəzərə alınmaqla yeni tip peşə təhsili müəssisələri yaradılacaq; - texniki peşə təhsilinin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi model formalaşacaq; - texniki peşə təhsilinin məzmunu müasir tələblərə uyğun yeniləşəcək; - texniki peşə təhsili müəssisələrinin elmi-metodik və informasiya təminatı yaxşılaşacaq, müasir texnika və texnologiyalara dair tədris materiallarını özündə əks etdirən proqramların, dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri sahəsində əsaslı dönüş yaranacaq, təlim–tərbiyənin məzmunu şagirdlərin imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsin tələbatı əsasında qurulacaq; - peşə-ixtisas kadrları hazırlığının əmək bazarının tələblərinə və ehtiyacına uyğun proqnozlaşdırılması sistemi yaradılacaq; - kadr hazırlığının planlaşdırılması üzrə çevik mexanizm yaradılacaq, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşacaq, dövlət və qeyri-dövlət müəssisələrinin kadrlara olan tələbatı ödəniləcək; - əhalinin və əmək bazarının ehtiyaclarına uyğun olaraq, peşə-ixtisas kadrlarının hazırlığının həcmi və profil strukturu formalaşdırılacaq.
5. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı
№ Tədbirlərin adı, İcraçılar, İcra müddəti 5.1. Ölkənin zəruri ehtiyac duyulan regionlarında yeni texniki peşə təhsili müəssisələrinin inşası, mövcud texniki peşə təhsili müəssisələri binalarının cari və əsaslı təmiri tədbirlərinin 2008-2012-ci illər üzrə həyata keçirilməsi cədvəlinin və maliyyə-smeta sənədlərinin tərtib edilərək təsdiq edilməsi Nazirlər Kabineti,Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2007 5.2. Təsdiq olunmuş plana əsasən texniki peşə təhsili müəssisələrinin əsaslı təmiri və yeni binaların inşası işlərinin həyata keçirilməsi Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2008-2012 5.3. Hər il üçün təsdiq edilmiş plana əsasən dövlət büdcəsindən maliyyələşən texniki peşə təhsili müəssisələrinin müasir təlim avadanlıqları ilə təmin edilməsi Təhsil Nazirliyi, Maliyyə Nazirliyi 2008-2012 5.4. Texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, müasir tipli və profilli peşə təhsili müəssisələrinin yaradılması Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi 2008-2012 5.5. Texniki peşə təhsili müəssisələrinin maliyyə-təsərrüfat müstəqilliyinin artırılmasına dair təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinə təqdim olunması Nazirlər Kabineti, Təhsil Nazirliyi,İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi 2007-2008 5.6. Texniki peşə təhsili sahəsində cəlbedici investisiya mühitinin yaradılması üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinə təqdim olunması Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi 2008 5.7. Texniki peşə təhsilinin dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinə təqdim olunması Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi 2007-2008 5.8. Texniki peşə təhsilinin keyfiyyətinə dövlət nəzarətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və Nazirlər Kabinetinə təqdim olunması Təhsil Nazirliyi 2008 5.9. Texniki peşə təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikasının və tətbiq olunma qaydalarının hazırlanması və təsdiq olunması Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi 2008 5.10. Texniki peşə təhsili müəssisələrinin büdcədənkənar gəlirlərinin artırılması üzrə təşviqləndirici tədbirlərin görülməsi, tədris emalatxanaları və təlim təsərrüfatlarının fəaliyyətinin təkmilləşdirilməsi. Təhsil Nazirliyi 2008-2012 5.11. Texniki peşə təhsilini əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədi ilə bu sahə üzrə yeni ixtisas və ixtisaslaşma klassifikatorunun hazırlanması Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2008 5.12. Texniki peşə təhsili üzrə yeni dövlət standartlarının hazırlanması və təsdiq edilməsi Nazirlər Kabineti, Təhsil Nazirliyi 2007-2008 5.13. İşəgötürənlərlə texniki peşə təhsili müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədi ilə Əlaqələndirmə Şurasının yaradılması Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi işəgötürənləri cəlb etməklə 2008 5.14. Texniki peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun tədris plan və proqramlarının hazırlanması Təhsil Nazirliyi 2008-2009 5.15. Texniki peşə təhsili sahəsində dünyada mövcud olan təhsil texnologiyalarının öyrənilməsi və tətbiqi Təhsil Nazirliyi 2008-2012 5.16. Regionların inkişaf istiqamətlərinə və yeni yaranacaq istehsal və xidmət müəssisələrinin tələbatına uyğun peşə ixtisas kadrlarının hazırlanması proqnozlarının işlənib hazırlanması Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi 2008-2012 5.17. Peşə ixtisas fənləri üzrə yeni texnika və texnologiyaları əks etdirən dərsliklərin və dərs vəsaitlərinin hazırlanması və nəşr edilməsi Təhsil Nazirliyi 2008-2012 5.18. Texniki peşə təhsili üzrə vahid monitorinq və qiymətləndirmə sisteminin yaradılması və tətbiqi Təhsil Nazirliyi 2008-2009 5.19. Texniki peşə təhsili sisteminin mühəndis-pedaqoji işcilərə və digər mütəxəssislərə tələbatının proqnozlaşdırılması sisteminin yaradılması Təhsil Nazirliyi 2008-2009 5.20. Texniki peşə təhsili sistemi üçün kadr hazırlığının, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təkmilləşdirilməsi, istehsalat təlimi ustalarının yeni texnika və mütərəqqi texnologiyalarla işləyən müəssisələrdə staj keçmələrinin təmin edilməsi Təhsil Nazirliyi 2008-2009 5.21. Texniki peşə təhsili müəssisələrində çalışan pedaqoji və digər işçilərin sosial statusunun və maddi rifahının yüksəldilməsi üzrə təkliflərin hazırllanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Nazirlər Kabineti,Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2008 5.22. Texniki peşə təhsili müəssisələrində çalışan pedaqoji və digər işçilərin iqtisadi təşviqləndirilməsində texniki peşə təhsili müəssisələrinin müstəqilliyinin artırılması üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2008 5.23. Texniki peşə təhsili sisteminin monitorinqinin keçirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, texniki peşə təhsili barədə statistik məlumatlar sisteminin təkmilləşdirilməsi Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi 2008-2012 5.24. Qabaqcıl texniki peşə təhsili müəssisələrinin iş təcrübəsinin, pedagoji nailiyyətlərin və şagirdlərinin peşəkar bacarığının təbliğ olunması və yayılması üzrə tədbirlərin həyata keçirilməsi Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti Mütəmadi 5.25. Texniki-peşə təhsili barədə ölkə üzrə informativ və analitik məlumatları əks etdirən vahid internet saytının yaradılması Təhsil Nazirliyi 2008